
Prezident İlham Əliyevin dekabrın 21-də Xankəndi stadionunda çıxışı, verilmiş mesajlar mühüm əhəmiyyətə malikdir. Vətən Müharibəsindəki tarixi qələbədən sonra bu ilin 19-20 sentyabrında baş tutan lokal antiterror tədbirləri ilə Azərbaycan suverenliyini tam təmin etdi. Ölkədə konstitusiya quruluşu bərqərar olundu. Bu gün Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən sərhədlərində və bütün ərazilərində şanlı üçrəngli bayrağımız qürurla dalğalanır. Azərbaycan bütün bu tarixi uğurlara Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və müdrikliyi sayəsində nail olub. Bu bir reallıqdır ki, Azərbaycan tarixdə heç vaxt olmadığı qədər güclü dövlətə çevrilib. Bunun əsasında ülu öndər Heydər Əliyevin uzaqgörən strategiyası və Prezident İlham Əliyevin praqmatik siyasəti dayanır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Ermənistanın 30 ilə yaxın davam edən işğal siytasətinə 44 gündə son qoyan güclü, qalib Azərbaycan bu gün bütün ərazilərində quruculuq-bərpa işlərini böyük əzmlə icra edir: “Artıq Azərbaycanın və bütövlükdə türk dünyasınnı mədəniyyət mərkəzi olan Şuşa özünün tarixi titullarını bərpa etməklə yanaşı, beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Lokal antiterror tədbirlərindən sonra Müzəffər Ali Baş Komandan tərəfindən Xocalıda, Xankəndidə, Əsgəranda. Ağdərədə Xocavəndə ucaldılan şanlı bayrağımız hər bir azərbaycanlı üçün qürurverici idi. Bu mənada 21 dekabr tarixində Xankəndi stadionunda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyunun keçirilməsi tarixi hadisə oldu. Bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə o idi ki, ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirildi. Şəhidlərin ruhuna ehtiram və vətənpərvərlik nümunəsi olaraq ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak edib”.

Millət vəkili hesab edir ki, futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var: “Xankəndi qədim Azərbaycan diyarıdır. Bu qədim Azərbaycan şəhərinin təməli Qarabağ xanı tərəfindən qoyulub. Sonrakı dövrdə isə Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən burada böyük şəhər yaradılıb. Təəsüf ki, 30 il ərzində Xankəndidə separatçılar yuva salmışdı. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bu əbədi belə qalacaq. Amma şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycan torpağıdır və bu torpaqların əsl sahibləri Azərbaycan xalqıdır”.
Deputat bir günlük antiterror tədbirləri nəticəsində Xankəndi şəhərinin işğaldan azad edildiyini bildirib: “Birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Bu gün bütün Qarabağ bölgəsində Azərbaycan Bayrağı qürurla dalğalanır. Böyük Qayıdış konsepsiyasına uyğun olaraq bu gün işğaldan azad olunan bütün ərazilərimizdə quruculuq-abadlıq işləri uğurla icra edilir. Eyni zamanda Xankəndi şəhərində, Xocalıda, işğaldan azad edilmiş digər ərazilərdə geniş quruculuq-abadlıq işləri aparılır. Bunun bariz nümunəsi Xankəndi stadionunun cəmi iki ay ərzində yenidən inşa edilib, əsaslı təmir olunmasıdır. Artıq bu Azərbaycan şəhərində separatizm simvolikasını əks etdirən bütün yazılar tarixin zibilxanasına atılıb. Həmçinin bütün başqa şəhərlər kimi, bu gün Ağdam şəhəri də yenidən qurulur. Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaq”.
Məlahət İbrahimqızı Müzəffər Ali Baş Komandanın da vurğulayıb ki, Qarabağ zəfəri Ordu-Xalq birliyinin təntənəsidir: “Azərbaycan Xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Vaxtilə məhz Xankəndi stadionundan “Qarabağ Ermənistandır və nöqtə” deyənlər bunun həqiqət olmadığını dərk etdilər. Beləliklə Qarabağ Azərbaycandır! Şüarını qəbul etməli oldular. Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Bayrağı dalğalanır. Bu ilin 19-20-i sentyabr tarixlərində Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə Azərbaycan Bayrağı ucaldıldı. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Xalqımız əmindir ki, bundan sonra bütün Qarabağ torpaqlarında Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Azərbaycanlılar bu torpaqlarda əbədi, xoşbəxt yaşayacaq”.