Azərbaycanda demokratik seçki mühiti mövcuddur. Ölkəmizdə azad və ədalətli cəmiyyət formalşıb. Hər bir ictimai-siyasi təşkilat öz mövqeyini sərbəst şəkildə ifadə edə bilir. Bütün bunlar isə sözsüz ki, sağlam rəqabətə əsaslanır. 2024-cü ili fevralın 7-ə təyin edilmiş seçkilər də məhz azad seçki yarışı fonunda keçəcəyi heş kəsdə zərrə qədər şübhə doğurmur. Təbii ki, seçki bir siyasi yarışdır. Bu siyasi yarışda özünə, elektoratına, sosial bazasına, cəmiyyətdə olan dayaqlarına arxayın olan partiyalar iştirak edəcək. Ölkəmizdə konstruktiv və milli maraqlara xidmət edən siyasi partiyaların mütləq əksəriyyəti artıq seçkilərlə bağlı mövqeyini ifadə edib. Çox təəsüf ki, radikal müxalifət növbəti dəfə riyakar bir yol tutub. AXCP və Müsavat özünün ənənəvi xəyanətkar siyasi xəttindən çıxmayaraq seçkilərdən imtina qərarı verib. Bu ilk növbədə onların açıq siyasi mübarizədən qaçmaları ilə izah olunur. Digər tərəfdən daim kənar qüvvələrin təsirində olan bu cür siyasi təşkilatlar məhz təlimatlar əsasında hərəkət edir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, sağlam rəqabətin əvəzinə təxribatları seçən destruktiv müxalifət seçkilərdə qərəzli şəkildə “boykot” elan etməsi xarici qüvvələrə xidmət edən siyasi təxribatdır: “Bu eyni zamanda kirli siyasi texnologiyaların təzahürüdür. Çünki “boykot” siyasi rəqabət metodu deyil. Bu qərəzli informasiya manipulyasiyaları üçün münbit şərait yaradan siyasi “texnologiyadır”. “Boykot” – sifarişli təxribatdır. Bu eyni zamanda kirli texnologiyaların klassik növü hesab olunur. Bunun arxasında radikal təfəkkürün əsasında yalnız kimlərinsə maraqlarına xidmət etmək və qrant layihələrindən faydalanaraq cəmiyyətdə ixtilaf yaratmaq kimi xain amillər dayanır. Acıq, nifrət, natamamlıq kompleksi, xainlik, cəmiyyət arasında şübhə toxumunu səpmək arzusu və digər bu kimi ictimai şüuru qaranlığa sürükləyən amillər destruktiv müxalifətin fəaliyyətinin əsasını təşkil edir”.
Deputat hesab edir ki, seçkilərdə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir: “Siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtina edənlərin səbəbi zəiflik və qalmaqallı situasiyaları təhrik etməkdir. Məhz “boykot” pərdəsi altında zəifliyi gizlədən radikallar. Bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alverlə məşğul olan təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə arxa çevirmiş olurlar. Məntiq və rasionallıqdan məhrum olmuş, habelə milli maraqlara xidmət etməkdən uzaq olan radikallar anlamalıdırlar ki, boykotun elan olunması həm də onların mənəvi məğlubiyyəti deməkdir”.
Məlahət İbrahimqızına görə, seçkidə “boykot” qərarı siyasi acizliyin və məğlubiyyətin etirafıdır: “Siyasi partiyalar haqqında” yeni Qanuna uyğun olaraq cəmi 5 min üzv toplamaqda böyük çətinlik çəkən radikal siyasi qüvvələrin bütün uydurma mifləri puç olub. Heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikallar öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçib. Nəzərə alınmalıdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb”.