Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı Erasmus+ layihəsi çərçivəsində 11 Azərbaycan universitetinin müvafiq əməkdaşarından ibarət nümayəndə heyəti Polşanın Bydqoş şəhərində işgüzar səfərdədir. 04-09 Dekabr tarixlərini əhatə edən təlimlərə Polşanın sahibkar universitetlərindən biri olan Bydgoszcz İqtisadiyyat Universiteti (WSG) ev sahibliyi edir.
Nümayəndə heyətinin tərkibinə layihə konsorsiumuna daxil olan Azərbaycan universitetlərinin prorektor, dekan, kafedra müdiri və digər inzibati və akademik heyət üzvləri daxildir. Səfərdə AQSİA-nı Protokol şöbəsinin rəhbəri Günay Həsənli təmsil edir.
Səfərin əsas məqsədi Ali Təhsil müəssisələrində sahibkarlıq təfəkkürünün və sahə üzrə fəaliyyətlərin inkişaf etdirilməsi, sahibkarlığın strategiya, kurrikulum və tədqiqata inteqrasiyası və universitet-sənayə əməkdaşlığının gücləndirilməsi kimi mövzular əhatə edir.
Təlim proqramı, sahibkarlığın təhsil və tədqiqata inteqrasiyası mexanizmini əhatə edən və müxtəlif istiqamətlərə yönəlmiş müzakirələr, təqdimatlar və praktiki sessiyalarla zəngindir. İştirakçılar, sahəsində tanınmış mütəxəssislər tərəfindən aparılacaq sessiyalarda iştirak edərək, mövzular üzrə dərin bilik və təcrübələr əldə edəcəklər.
Qeyd edək ki, 36 ay müddətində reallaşdırılması nəzərdə tutulan ENGAGE layihəsinin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet–sənaye əməkdaşlığının genişləndirilməsidir.