Bu gün yeni bir reallıq mövcuddur. Qalib, ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş Azərbaycan yeni reallığın müəllifidir. Ölkəmiz 2020-ci ildə 44 günlük Vətən Müharibəsi ilə ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulub. 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxlayan işğalçı Ermənistan məğlub olaraq kapitulyasiya aktına imza atıb. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri ilə ərazilərimizdə mövcudluğunu saxlamağa çalışan, bütün çağırışlara, tələblərə məhəl qoymayan separatizm yuvası birdəfəlik məhv edilib. Bununla da bütövlükdə ölkə ərazisində konstitusiya quruluşu və suverenliyimiz bərqərar olunub. Bu mənada müasir Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı, parlaq tariximizin ən möhtəşəm dövrü yaşanır. Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin 7 fevralında növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında imzalanmış Sərəncam da məhz bu reallığın xarakterinin ifadəsidir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, müstəqil Azərbaycan tarixində ilk olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək: “44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Bu baxımdan da növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti hesab edilir. Sözsüz ki, 2024-cü ilin 7-i fevralında keçiriləcək seçkilər Zəfər seçkisi adlandırılır. Bu da təsadüfi deyil. Ölkəmiz tarixi Zəfərdən sonra ilk dəfə seçki prosesini ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması şəraitdə keçirəcək”.
Deputat bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi: “Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Şanlı üçrəngli bayrağımız Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarımızda qururla dalğalanır. Təbii ki hər bir seçki təcrübə və siyasi mübarizə olmaqla yanaşı qaydalarla icra edilən prosesdir. Bu mənada növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübəyə əsaslanır. Çünki seçkilər bəzi hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə etimiş olacaq”.
Aqil Məmmədov vurğulayıb ki, hər zaman olduğu kimi bu seçkilərin keçirilməsi haqqında qərar da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ifadəsidir: “Sözsüz ki, regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Azərbaycanda hər zaman olduğu kimi bu seçkilərin də tam şəffaf və demokratik prinsiplərə uyğun baş tutacağına əminlik var. Sadəcə olaraq ictimai dəstəyi olmayan qüvvələr üçün isə bu seçkiyə qatılmaq indidən acı reallığın yaratdığı mənzərə kimi görünür. Bütün bunların fonunda isə Qarabağın azadlığına nail olmuş, adını şanlı tariximizə şərəflə yazdırmış cənab Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərində xalqımızın böyük sevgisi və misilsiz dəstəyi ilə əhatə olunacağı şübhəsizdir”.