Ölkəmizin xarici siyasətində qarşılıqlı maraqlara hörmət prinsipi əsasında münasibətlərin formalaşması vacib istiqamətlərdəndir. Bu mənada Azərbaycanın regional və qlobal miqyasda tərəfdaşlarının sayı artmaqdadır. Artıq yeni bir reallıq yaranıb. Bu reallığın müəllifi qalib Azərbaycandır. Beynəlxalq birlik tərəfindən qəbul edilən ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanla dostluq və tərəfdaşlıq etmək niyyətində olanların da sayı artmaqdadır.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkəmizin mövcud olduğu coğrafiyada və onun hüdudlarından kənarda etibarlı tərəfdaş kimi nüfuzunu günü-gündən artır: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət məhz bu reallığın təzahürüdür. Bu xüsusda Azərbaycan Avropa ölkələri, Türk dünyası, ərəb dövlətləri ilə daha intensiv əlaqələrə malikdir. Sözsüz ki, Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər xüsusi önəm kəsb edir”.
Deputat Prezident İlham Əliyevin BƏƏ-də təşkil olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində iştirakının əhəmiyyətinə toxunub: “Birləşmiş Ərəb Əmirliklərində səfərdə olan cənab Prezident İlham Əliyev Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşüb. Görüşdə ölkələrimiz arasında dostluq və qarşılıqlı əməkdaşlığın indiki səviyyəsi və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Bu bir reallıqdır ki, Azərbaycanla BƏƏ arasındakı münasibətlər dostluq və qarşlıqlı etimad mühitinə əsaslanır. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində daha intensiv xarakter daşıyır. BƏƏ Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanıyıb. Amma ölkələrimiz arasındakı diplomatik əlaqələrin inkişafı 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daha geniş xarakter almağa başlayıb”.
Millət vəkili Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında enerji sektorunda formalaşmış münasibətlərin xarakterindən bəhs edib: “Avropanın enerji təhlükəsizliyi, xüsusi ilə Azərbaycanın enerji resurslarının şaxələndirilməsi məsələsi prioritet istiqamət kimi müəyyənləşib. Bu sırada yaşıl enerji sahəsində ölkəmizin önəmli təchizatçı kimi rolu gündəmə gəlir. Çünki Azərbaycanın imkanları daxili tələbatı ödəməklə yanaşı alternativ enerjinin ixracına böyük imkanlar açır. Artıq Azərbaycan işğaldan azad edilən ərazilərdə ekoloji cəhətdən təmiz bərpa olunan enerji mənbələri ilə kifayət qədər istehsal sahələri formalaşdırmağı hədəfləyib. Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında bu sahədə uğurlu əməkdaşlıq mövcuddur. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin sərmayəsi Qaradağ Günəş Elektrik Stansiyasının qurulması bunun bariz nümunəsidir. Qarşıdakı dövrdə isə bu sahədə əməkdaşlığın daha da genişlənəcəyi proqnozlaşdırılır. Sözsüz ki, Azərbaycanla BƏƏ arasında bərpaolunan enerji məsələsindəki əməkdaşlıq ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mərhələ hesab olunur. Bu baxımdan da ölkələrimiz arasında yaradılmış birgə investisiya fondunun əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Məhz bu reallıq iki ölkə arasında bütün məsələlərdə olduğu kimi qarşılıqlı sərmayə qoyuluşu sahəsində əməkdaşlığın inkişafına mühüm töhfə verəcək. Bütün bunlar isə ölkələrimiz arasında dinamik əməkdaşlığın və dostluğun bariz nümunəsidir”.