Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməsi bir çox ölkələri ciddi şəkildə narahat edir. Erməni lobbisinin təsiri altında olan bu ölkələr xüsusən Qərb dövlətləri Azərbaycanın tarixi qələbəsini hec cür qəbul edə bilmir. Məhz bunun nəticəsi olaraq Azərbaycan ikiüzlü, qərəzli Qərb siyasətinin hədəfinə çevrilib. ABŞ, Fransa, Kanada kimi ölkələr həqiqətdən uzaq məsələlər ətrafında siyasət yürütməklə açıq şəkildə riyakarlıq edir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, noyabrın 15-də ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı”nı qəbul etməsi açıq riyakarlıq idi: “ABŞ Konqresinin Xarici İşlər Komitəsində “Qarabağın gələcəyi” ilə bağlı qəbul olunan qərəzli akt sözsüz ki, ABŞ-Azərbaycan münasibətlərinə sarsıdıcı zərbə oldu. Bu ABŞ kimi bir ölkənin erməni lobbisinin əlində oyuncağa çevrildiyini göstərən mühüm faktdır. Anti-Azərbaycan, korrupsiyoner, islamofob senatorların yalan məlumatlara əsasən hazırlanmış “sənədlər” ikili standartların və selektiv yanaşmanın növbəti təzahürüdür”.
Deputat hesab edir ki, reallıq odur ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin geniş vüsət aldığı 1992-ci ildə belə Amerika ölkəmizə qarşı riyakar yanaşma sərgiləyib: “Xocalı soyqırımı, Azərbaycan xalqına qarşı kütləvi qırğın aktları, etnik təmizləmə aparıldığı həmin dövrlərdə ABŞ məlum “907-ci” düzəlişi tətbiq edib. İşğala məruz qalan bir ölkəyə qarşı ABŞ hökümətinin maliyyə yardımı göstərməsi qadağan olunub Bu fakt əslində Amerika siyasətinə, onun mahiyyətinə hələ də inananlar üçün paradoksdur. Amma Amerika hakimiyyəti öz maraqlarına uyğun yəni, 2001-ci ildə məlum terror hadisəsindən sonra “907-ci” düzəlişin hüquqi qüvvəsini müvəqqəti dayandırmaq barədə qərar qəbul etdi”.
Millət vəkilinə görə, bu günə qədər ABŞ və Azərbaycan terrorizmlə mübarizə başda olmaqla bir çox məsələlərdə strateji tərəfdaşlıq edib: “Əfqanıstan və Yaxın Şərqdən əli üzülən ABŞ Ermənistan vasitəsilə Cənubi Qafqazda mövqe qazanmağa çalışır. Bu məqsədlə ABŞ Ermənistandan və ermənilərdən vasitə kimi istifadə edir. Amma Vaşinqton Azərbaycanın artıq 90-cı illərdəki kimi zəif olduğunu unutmamalıdır. Çünki bu gün qalib və güclü Azərbaycan bölgədə söz sahibidir. Bu mənada ABŞ-dan ölkəmizə qarşı atılan hər bir addıma qarşı adekvat reaksiya veriləcək. Milli Məclisin qəbul etdiyi bəyanat ABŞ-ın ortaya qoyduğu ikiüzlü siyasətə və erməni lobbisinin maraqlarına cavab verən mövqeyə ən tutarlı cavab hesab edilir”.