Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradı qəbul etməsi və verilən mesaj mühüm əhəmiyyət kəsb edir. 27-i senytyabr 2020–ci ildə başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Bununla da müharibənin son hədəfinə yaxınlaşıldı və bundan bir gün sonra düşmən ordusu təslim oldu. Məhz milli həmrəylik nəticəsində Azərbaycan xalqı bu tarixi zəfərə nail oldu. Uzun illər ərzində işğalın sona çatması üçün bir hədəfə vuran xalqımız bu zəfəri daha da yaxınlaşdırdı. Sözsüz ki, bu tarixi uğurlar cənab Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edildi. Sözü və əməli bir olan cənab Prezident İlham Əliyev 20 il bundan əvvəl Prezident seçilən zaman bəyan etdiyi bütün hədəflərə nail olundu.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, bu tarixi Zəfər qəhrəmanlarımızın rəşadəti ilə əldə olundu: “Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni əzəli torpaqlarımızdan qovdu. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmayıb. 44 gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq göstərib. Bu xüsusda Şuşa əməliyyatı bir qəhrəmanlıq dastanı kimi zəfər salnaməmizdə mühüm önəm kəsb edir. İgid Azərbaycan əsgəri qarşısında duruş gətirə bilməyən erməni əsgəri qaçaraq fərarilik etməklə döyüş meydanını tərk edib. Əyilməz döyüş ruhuna sahib olan Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etməyib. Məhz bu müharibə reallığını isə Ermənistanın işğalçı mahiyyəti daha da yaxınlaşdırmışdı. Fakt odur ki, Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. İllər keçdikcə sülhə ümidlər tükənirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdı. Onlar hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Buna baxmayaraq Azərbaycan bütün dövrlərdə sülhün tərəfdarı kimi çıxış edirdi. Sözsüz ki, Ermənistan və onun havadarları reallığı vaxtında dəyərləndirsə, Azərbaycan torpaqlarını azad etsə idi, II Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Məhz 44 gün ərzində Azərbaycana müxtəlif yerlərdən, müxtəlif paytaxtlardan təzyiqlər göstərilirdi, təhdidlər səsləndirilirdi ki, buda Ermənistanın işğal siyasətinə “haqq” qazandırmaq istəyənlərin mövqeyidir”.
Millət vəkili hesab edir ki, tarixi Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi: “44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan Azərbaycana qaytarılsın. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi. Ermənistan bu şərtləri yerinə yetirməyə məcbur oldu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görü. Müharibədə qələbə qazanmasına baxmayaraq Azərbaycan ordu quruculuğu prosesini sürətlə davam etdirir. Qarabağ bölgəsində müharibədən sonra həyata keçirilmiş bir neçə hərbi əməliyyat bunu bir daha təsdiq edib. Ordumuz strateji mövqelərə sahib olmaqla düşmənin bütün fəaliyyətlərini nəzarətdə saxlayıb. Bu sözsüz ki, Ermənistana göndərilmiş mesaj idi. Amma buna baxmayaraq erməni tərəfi növbədi fəfə reallığı düzgün qiymətləndirə bilmədi. Rəsmi İrəvan bu reallığı düzgün dəyərləndirsə idi sentyabr ayında keçirilmiş antiterror tədbirinə ehtiyac qalmazdı”.
Deputat bildirib ki, sentyabr ayında keçirilmiş antiterror tədbiri bir gündən də az çəkdi və Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu: “Bununla da 30 il bundan torpaqlarımızda yaratdıqları qondarma rejim arxivə göndərildi. Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Bu baxımdan da 20 sentyabr 2023-cü il müasir Azərbaycan tarixində zəfər günü kimi qalacaq. Əgər 8 Noyabr 2020-ci ildə Şuşa əməliyyatından sonra düşmən ordusu məğlub olmuşdusa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüz tam bərpa edildi. 2023-cü ilin sentyabrın 20-də dövlət suverenliyi, ölkə ərazisində konstitusiya quruluşu bərqərar olundu. Azərbaycan ərazisində separatizmə son qoyuldu. Təbii ki, bu uğurlar heç də qısa zamanda təmin edilməyib. Son 20 ildə Azərbaycan xalqı bu tarixi uğurlara doğru gedirdi. Qələbəyə aparan əsas amil isə ordu quruculuğu ilə bağlı atılan addımlarla bağlı idi. Ordunun madddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi qələbəyə aparan əsas amillərdən oldu. Çünki silah-sursat ən yüksək hərbi texnologiyalarla yanaşı vətənpərvər gənclik, torpaq uğrunda döyüşmək onu azad etmək və qorumaq sevgisi əsas amildir”.
Aqil Məmmədov vurğulayıb ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi: “Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan tərəfindən Ağdərə, Əsgəran, Xocavənd, Xocalı və Xankəndidə Azərbaycan Bayrağının ucaldılması tarixi hadisə olmaqla yanaşı xalqımız üçün böyük xoşbəxtlik idi. Vaxtilə tarixi Azərbaycan torpaqlarından, Xankəndidən Azərbaycan dövlətini və xalqına qarşı hədə-qorxu gələnlər layiqli cəzasını aldı. Separatizm və erməni işğalına son qoyuldu. Qarabağ Azərbaycandır! prinsipi özünü təsdiq etdi. Xankəndidə Müzəffər Ali Baş Komandanın Zəfər günü ilə bağlı qəbul etdiyi parad və vermiş olduğu mesaj bir çoxları üçün açıq xəbərdarlıqdır. Bu önəmli xəbərdarlıq mesajı idi. Ermənistan rəhbərliyi, revanşistlər və onlara havadarlıq edənlər Azərbaycana qarşı hər hansı plan haqqında düşünürlərsə onlar ilk növbədə Xankəndidəki Zəfər paradının mahiyyətini dərk etməlidir. Sözsüz ki, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra bölgədə sülhü, əməkdaşlığı təşviq edir”.