Fransanın ermənipərəst siyasi “xətti” artıq ikrah doğuracaq səviyyəyə çatıb. Bütün sferalarda ancaq Ermənistanın maraqları naminə var-gəl edən Fransa bölgədə yaranmış yeni reallığı qəbul etmək istəmir. Məqsəd Cənubi Qafqazda daim münaqişə ocağının olmasıdır. Belə olmasa idi Fransa II Qarabağ müharibəsində məğlub olmuş Ermənistanı yenidən silahlandırmağa çalışmazdı.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Fransanın Ermənistanı silahlandırması onun heç də sülh niyyəti ilə bağlı deyil: “30 ilə yaxın Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda saxlanıldı. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində isə Azərbaycanın öz ərazisi üzərində suverenliyi bərqərar oldu. Azərbaycan ərazisində separatizmə son qoyuldu. Ermənistanın müdafiə etdiyi qondarma rejim ləğv edildi. Bununla da uzun 10 illiklər Azərbaycan ərazisində ikinci erməni dövləti qurmaq planları puç oldu. İndi bölgə üçün yeni bir səhifə açılıb. Sülhü təşviq etmək, əməkdaşlığa, töhfə vermək üçün yeni imkanlar formalaşıb”.
Deputat bütün bunlara baxmayaraq bölgədə erməni revanşizminə dəstək verən qüvvələr və dövlətlərin olduğu bildirib: “Bu kontekstdə Fransanın militarizasiya siyasəti özünü bütün eybəcərliyi ilə göstərməkdədir. Sözsüz ki, bu məkirli siyasət Cənubi Qafqazda sülhə əsas təhlükə hesab edilir. Azərbaycanın bölgədəki silahlı birləşmələri tərksilah etməsindən sonra sülh gündəliyini irəli sürdüyü halda, Fransa yenidən bölgəyə silah-sursat göndərməsi sülh prosesinə böyük zərbə, yeni münaqişələr üçün zəmin yaratmaqdır. Fakt odur ki, Fransanın da təkidi ilə Ermənistana göndərilən Avropa İttifaqının “sivil” missiyası heç nəyə nail ola bilmədi, indi artıq hərbi missiya haqda danışılır. Fransa İrəvanda daimi hərbi attaşesinin təyinatına hazırlıq görülür. Bu məqsədlə ilk növbədə Ermənistanın silah-texnika parkını yeniləməyə cəhdlər edilir”.
Millət vəkili hesab edir ki, Fransanın son məqsədi – neomüstəmləkəçilik siyasətini Qafqaza gətirməkdir: “Sözsüz ki, Fransa ilə yanaşı bir sıra digər Avropa ölkələrinin də Ermənistanın silahlandırılmasına dəstək verməsi diqqətdən yayınmır. Hollandiya parlamentinin Ermənistana hərbi dəstək göstərməyə çağırması kimi hallar bölgədə yenidən gərginliyin alovlanmasına, xidmət edir. Bütün bunların əksinə Azərbaycan-Türkiyə birliyi bölgədə qarşılıqlı əməkdaşlığa, sülhə, təhlükəsizliyə töhfə verir”.