MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının Bakıda keçirilməsi mühüm önəm kəsb edir. Bu Azərbaycanın yerləşdiyi regionda ümumi təhlükəsizliyin təmin olunması işinə verilən qiymətin göstəricisidir. Prezident İlham Əliyev oktyabrın 11-də Şura iclasının iştirakçılarını qəbul edərkən təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlığın vacib olduğunu qeyd edib. Ölkəmizin başçısı bu istiqamətdə operativ informasiya mübadiləsi aparmağın zəruriliyini diqqətə çatdırıb.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ölkəmizin başçısı həmçinin sentyabr 19-da həyata keçirilən antiterror tədbirlərinin mahiyyəti ilə bağlı da qonaqları məlumatlandırıb: “Dövlətimizin öz ərazisində tam suverenliyini təmin etməsilə bütün Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün yeni imkanlar yarandığı vurğulanıb. Azərbaycan ərazisinin vaxtilə 20 faizinin 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığı və bir çox ölkə və təşkilatların buna göz yumduğu bildirildi. Məhz Ermənistanın işğal siyasəti nəticəsində Azərbaycan ərazilərində etnik təmizləmə həyata keçirilib, 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin düşüb. Amma çox təəsüf ki, həmin dövrdə ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransa ancaq işğala haqq qazandırmaqla prosesləri tamam başqa səmtə yönəltməyə çalışıb”.
Millət vəkili hesab edir ki, Fransa kimi ölkələrin məqsədi Ermənistanın işğal faktına “haqq” qazandırmağa çalışmaq olub: “Bu gün də Fransanın Ermənistanla bağlı siyasəti Emmanuel Makronun timsalında özünü açıq şəkildə göstərir. Ermənilərin maraqları naminə rəhbəri olduğu ölkənin yəni, Fransanın problemlərini unudan Makron özünün riyakar, ikiüzlü siyasəti ilə yenidən bölgədə qarşıdurma, çaxnaşma müharibə vəziyyətinin yaranmasına can atır. Bu bir reallıqdır ki, Fransanın davranışları, açıq şəkildə anti-Azərbaycan mövqeyindən qaynaqlanır. Prezident İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən Fransanın və bir çox ölkələrin davranışlarının Azərbaycan xalqı üçün qəbuledilməz olduğunu söyləyib”.
Deputat Azərbaycanın mülki əhaliyə zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməsi və qanunsuz xunta rejiminə son qoyması ilə Qafqazda yeni sülh erasının başlanıldığını bildirib: “Amma Fransanın Ermənistana silah-sursat verməsi onun heç də sülhdə maraqlı olmadığını bir daha təsdiq edir. Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Senatdakı çıxışı, ermənilərin Azərbaycana qayıdışına dair BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsi istiqamətində “təşəbbüs” irəli sürəcəklərini bildirməsi sözsüz ki, reallıqdan tamamilə uzaqdır. Bütün bu amillər isə Fransa militarizm siyasətinin və məkirli diplomatik oyunlarının xarakterini nümayiş etdirir. Fransanın məqsəd hərbi qarşıdurma və gərginlik fonunda Cənubi Qafqaz regionunda möhkəmlənməkdən ibarətdir”.