Prezident İlham Əliyevin oktyabrın 8-də Gürcüstana növbəti rəsmi səfəri mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Azərbaycan Prezidentinə olan yüksək ehtiram və verilən bəyanatlar vacib amili kimi xarakterizə olunur. Azərbaycan-Gürcüstan münasibətləri ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrinə söykənir. Azərbaycanla gürcü xalqı hər zaman çox sıx münasibətdə olub. Bu tendensiya Cənubi Qafqazda ümumi yanaşmaların formalaşmasında təsirli rola malikdir. Əsrlər boyu mehriban qonşuluq, dostluq hər iki xalqın və dövlətin münasibətlərinə təsir edib.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Onun fikrincə, Azərbaycan-Gürcüstan əlaqələri dövlətlərin eyni mövqedən çıxış etməsini, sarsılmaz dəyərlər, tarixi şəxsiyyətlərə olan yüksək münasibətlərdə də özünü göstərir: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinin qonşu, dost Gürcüstanda da yüksək səviyyədə, böyük hörmət və ehtiramla qeyd edilməsi bunun bariz nümunəsidir. Sözsüz ki, vaxtilə Ümummilli Lideri Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin dostluğunun bu mənada xüsusi olaraq vurğulanması vacib amildir. Çünki bu dostluğun və münasibətlərin böyük tarixçəsi var. Hələ sovet dövründə onlar bir-biri ilə sıx təmasda olub. Hər iki lider hələ o vaxt sovet Gürcüstanı və sovet Azərbaycanın rəhbərləri kimi xalqlarımızı birləşdirmək üçün böyük səylər göstərib. Ölkələrimiz müstəqillik qazandıqdan sonra da bu tarixi ənənələr qorunub. Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini açıq şəkildə dəstəkləyib. Beynəlxalq təşkilatlarda hər iki dövlət bir-birinin mövqeyini müdafiə edib”.
Deputat bildirib ki, Prezident İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin mətbuata vermiş olduğu birgə bəyanatda üç il bundan öncə II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıq bir daha açıq şəkildə ifadə edilib: “Vətən Müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü, ötən ay isə bütün ölkə üzrə suverenliyinin bərpa edib. Bu baxımdan da bölgədə sülh üçün başlıca zəmin yaranıb. Azərbaycan Ermənistanla sülh müstəvisində konkret addım atmaqda qərarlıdır. Sülhün əldə edilməsi Cənubi Qafqazda yeni bir situasiya yaradacaq. Məhz bu kontekstdə Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilər. Bir neçə ölkə və bəzi beynəlxalq təşkilatlar Ermənistanla Azərbaycan arasında sülh prosesində yer almağa çalışır. Tarixi əlaqələr, coğrafi amil baxımından Gürcüstanın bu müstəvidə iştirakı arzuolunandır. Hazırda Azərbaycanla Gürcüstan arasında enerji, nəqliyyat sahəsində çox böyük əməkdaşlıq planları var. Qarşıdakı dönəm üçün əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik mövcuddur. Anakliya limanı və Kulevi limanı əməkdaşlıq imkanlarını genişləndirmək mühüm təsirə malikdir. Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da Orta Dəhlizin güclənməsinə xidmət edəcək. Energetika sahəsində isə ənənəvi sahələrdən başqa “Yaşıl enerji dəhlizi” layihəsi prioritet istiqamətlərdəndir. Məhz bu kontekstdə Azərbaycanla Gürcüstan Avropa ölkələri sıx əməkdaşlığa malikdir. Həmçinin Azərbaycanın öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rolu oynayır”.
Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəri əlaqələrin xarakterini göstərir: “Bundan əvvəl ötən il oktyabrın 24-də dövlətimizin başçısı Gürcüstanda (Mçxetada) işgüzar səfərdə olub. Eyni zamanda, bu il aprelin 7-də Gürcüstanın baş naziri İ.Qaribaşvili ölkəmizə (Qəbələyə) işgüzar səfər edib. Bu iki səfər Azərbaycan Prezidentinin və Gürcüstan baş nazirinin görüşlərinin müntəzəmliyini artırıb, səfərlərin paytaxtlara deyil, bölgələrə həyata keçirilməsi kimi yeni bir ənənə yaradıb. 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan mühüm sənəddir: “İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. 2022-ci ildə münasibətlərin 30-cu ildönümü qeyd olunub. Hər iki ölkə arasında indiyə kimi ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Həmçinin ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında birgə işçi qrupları var. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya 2004-cü ildən etibarən fəaliyyət göstərir. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub. Ümumilikdə Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. Təbii ki, Azərbaycanla Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regiondan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s reallaşdırılması yeni imkanlar açmış olub”.
Məlahət İbrahimqızı Azərbaycanla Gürcüstan arasında humanitar, mədəni əlaqələrin də yüksək səviyyədə qurulduğunu söyləyib: “Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələr xüsusi əhəmiyyət daşıyır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Gürcüstanda azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı fəaliyyət göstərir. Həmçinin Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur. Eyni zamanda Gürcüstanda 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfərdir ki, bu da iki dost, qonşu ölkə arasında bütün sahələrdə əməkdaşlığın, münasibətlərin ən yüksək səviyyədə qurulmasında mühüm amillərdən hesab olunur”.