Bu günlərdə “Tik-tok”da və bəzi sosial media səhifələrində mənim adımdan Xankəndində yaşayan ermənilərin təqaüd (pensiya) yaşının 55-ə endirilməsi ilə bağlı mövcud qanunvericiliyə zidd olan “açıqlama” paylaşıblar.
Siyasətinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı onun adından sosial şəbəkələrdə yayılan yalan məlumata münasibət bildirərkən deyib.
O qeyd edib ki, mən heç bir yerdə belə bir nüsahibə, açıqlama verməmişəm və bu mənim adımdan uydurulmuş “yazıdır”: “Belə bir saxta və montaj edilmiş məlumat tam qərəzlidir. Bu insanlar görünür ki, şər və böhtan yaymaqdan zövq alırlar. Sözsüz ki, bu cür uydurulmuş “yazı” tamamilə əsassızdır”.
Deputat hesab edir ki, əgər bu məlumat doğrudursa, səsimi də versinlər: “Bu dərəcədə yalan xəbəri yayanların nə demək istədikləri aydındır. Cəmiyyətdə xoşagəlməyən, Azərbaycan ictimaiyyətində çox pis qarşılanan belə saxta xəbərləri yayanlarla revanşist və separatçı ermənilərin, eləcə də onları dəstəkləyənlərin məqsədi ilə tam eynidir. Bu insanlar tapşırıqları xaricdən, Azərbaycanın uğurlarını sevməyən və Azərbaycanofibiya xəstəliyi olan qüvvələrdən, kim bilir bəlkə də Ermənistandan alırlar”.