50 ildən sonra Azərbaycanda yenidən Beynəlxalq Astronavtika Konqresinin keçirilməsi mühüm tarixi hadisə hesab edilir. Bu mənada oktyabrın 2-də Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin təşkili Azərbaycanın hədəflərinin və prioritetlərinin müəyyənləşməsi baxımından vacib önəm kəsb edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirakı və ölkəmizin başçısının çıxışında səsləndirmiş olduğu faktlar bir çox məqamları özündə ehtiva edir.
Bunu Siyasətinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ilk dəfə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Beynəlxalq Astronavtika Konqresi sovet ittifaqında yalnız bir dəfə keçirilib: “Sözsüz ki, növbəti dəfə bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun göstəricisidir. Ölkəmiz 10 ildən artıqdır ki, beynəlxalq kosmik ailənin üzvüdür. Azərbaycanın 2 peyki telekommunikasiya, 1 peyki isə yer səthinin müşahidəsini aparır. Bununla yanaşı ölkəmizdə kosmik sənayenin inkişafı uğurla davam edir. Artıq yerli mütəxəssislərimiz tərəfindən idarə olunan peyklər 45-dən çox ölkəyə xidmət göstərir. Bu mühüm faktlar Azərbaycanda kosmik sahəyə olan diqqətin təzahürüdür. Peyk dövlətinə çevrilmək Azərbaycan üçün strateji hədəflərdən biridir. Bu məqsədlə uzun müddətli hazırlıq prosesi həyata keçirilir. Prezident İlham Əliyev 2008-ci ilin 4 noyabr tarixində Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında Sərəncamı mühüm əhəmiyyətə malikdir”.
Deputat hesab edir ki, 2010-cu ildə isə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi məqsədi ilə “Azərkosmos” ASC yaradılması bu sahədə konkret hədəflərin olduğunu göstərir: “2013-cü ildə “Azerspace-1” telekommunikasiya peykinin orbitə buraxılması isə ölkəmizin tarixində mühüm hadisə idi. Bundan sonra isə ikinci peykimiz kosmik fəzaya buraxılıb. 2014-ci ildə isə “Azersky” yerin məsafədən müşahidəsi peyki istifadəyə verilib. Bunun davamı olaraq 2018-ci ildə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb. Bütün bunlar Azərbaycanın strateji hədəflərinin açıq göstəricisidir”.
Millət vəkilinə görə, qazanılan bütün uğurlar dövlətin beynəlxalq əməkdaşlığa verdiyi önəmin təzahürüdür: “Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib, regional və beynəlxalq layihələrin həyata keçirilməsində etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul olunub. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrdə aktiv yer alıb. Artıq 4-cü ildir ki, ölkəmiz dünyada BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edir. 120 dövlətin yekdil qərarı ilə bu mühüm posta seçilən Azərbaycan eyni zamanda Avropa inistutları ilə də uğurlu əməkdaşlığa malikdir. Bu gün ölkəmiz Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bütün bunlar ölkəmizin xarici siyasət gündəliyinin xarakterini göstərir. Bu mənada Beynəlxalq Astornavtika Konqresinin ölkəmizdə keçirilməsi Azərbaycanın bu regionda aparıcı güc və rolundan xəbər verir. Reallıq odur ki, Azərbaycan qeyri-neft sektorunun inkişafı ilə yanaşı innovasiyaların tətbiqi, informasiya təhlükəsizliyi məsələlərinə çox böyük önəm verir”.
Sevinc Hüseynova bildirib ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə rekord həddə çatıb: “Belə ki, Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən konqresləri geridə qoyub. Konqresin ümumilikdə 30-dan çox sponsoru var. Bu mənada Bakı Konqresinə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub. Bakı Konqresi bu göstərici üzrə də Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) tədbirləri ilə birgə indiyədək keçirilən bütün konqresləri geridə qoyub. Konqresə Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da rekord həcmdə olub Fakt odur ki, ölkəmizdən təqdim edilən elmi məqalələr ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alıb”.
Xatırladaq ki, Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il Federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür.