Qardaş Türkiyə və onun çox hörmətli prezidenti Rəcəb Tayyib Ərdoğan II Qarabağ müharibəsi dövründə olduğu kimi ondan sonrakı müdətdə də Azərbaycanlı haqlı mövqeyinə ən yüksək səviyyədə dəstək verib. Bu dəstək, qardaşlıq artıq dünya üçün bir örnəyə çevrilib. Şuşa Bəyannaməsi ilə iki qardaş, müttəfiq olan Azərbaycan-Türkiyə birliyi bu gün özünün ən parlaq dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” prinsipi ilə Azərbaycan və Türkiyə Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın simasında sarsılmaz birlik və güc olub.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, qardaş Türkiyə hər zaman Azərbaycanın haqq işinə birmənalı dəstək verib: “Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı 30 ilə yaxın bir müddətdə bu ölkə ilə bütün siyasi-diplomatik əlaqələri dondurub. Sərhədləri 30 ildir ki, bağlı saxlayıb. Türkiyə Ermənistanla əlaqələri ancaq Azərbaycanla sülh və ərazi bütövlüyü məsələsı həll edildikdən sonra yaratmaq ehtimallarının olduğunu bəyan edib. Bu əslində dünya üçün bir örnəkdir. Çünki bir dövlət dost, qardaş ölkə üçün ancaq Türkiyə ilə Azərbaycanla olan səviyyədə güclü bağlara sahib ola bilər. Qardaş Türkiyə Vətən müharibəsindən sonra bölgədə daimi sülhün təminatı üçün Azərbaycanla Ermənistan arasında münasibətlərin nizama salınması ilə nəhayət bölgədə təhlükəsizliyin təmin olunmasının vacibliyi prinsipindən çıxış edib. Zəngəzur dəhlizinin açılması ilə bölgədə böyük bir canlanmanın, türk dünyası ilə bağlantının qurulmasının gətirəcəyi reallıqların xatakteri gündəmə gətirilib”.
Deputat Qarabağda qalmaqda olan separatçı-xunta rejiminin son təxribatları da Türkiyə tərəfindən qətiyyətlə pislənilib: “Azərbaycana hər zaman olduğu kimi açıq dəstək ifadə edilib. Qardaş Türkiyə Prezidenti başda olmaqla, Xarici İşlər və Müdafiə naziri, Baş Qərargah rəisi Ermənistanın, separatçı rejimin və qanunsuz silahlıların təxribatlarına qarşı Azərbaycanın yanında olduqlarını birmənalı şəkildə ifadə ediblər”.
Millət vəkili qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasından çıxışı zamanı bir daha Azərbaycanın haqlı mövqeyini bəyan etdiyini bildirib: “Bu qardaşlığın dünyaya, beynəlxalq güclərə bir daha açıq şəkildə bəyan edilməsi deməkdir. Türkiyə-Azərbaycan bir millət, iki dövlət prinsipinin BMT tribunasından bəyan edilməsi sözsüz ki, hər birimiz üçün qürurverici idi. Cənab Ərdoğan bir daha Azərbaycana olan sevgisini, Prezident İlham Əliyevlə olan qardaşlığını nümayiş etdirdi. Prezident İlham Əliyev də hər zaman qardaş Türkiyənin mövqeyini ən yüksək səviyyədə müdafiə edib, qoruyub. Türkiyənin qatılmadığı beynəlxalq tədbirdə “Türkiyə burada təmsil olunmur. Amma mən varam” deyən cənab Prezident İlham Əliyev qardaşlığın hər zaman, hər şeydən üstün olduğunu göstərmişdi”.
Məlahət İbrahimqızı hesab edir ki, qardaş Türkiyə prezidentinin BMT tribunasından Azərbaycan, Qarabağ mesajı verməsi bir çoxları üçün ən layiqli cavab idi: “Cənab Ərdoğan bəyan etdi ki, “Bizim qarşımızda Cənubi Qafqazda sülh, əmin-amanlıq və əməkdaşlıq qurmaq üçün tarixi imkanlar var. Bu fürsətdən istifadə etmək üçün biz Ermənistanla mehriban qonşuluq münasibətlərinə və tam normallaşmaya yönəlmiş prosesə təşəbbüs göstərdik. Biz əvvəldən Azərbaycan və Ermənistan arasında danışıqlar prosesini dəstəkləmişik. Lakin biz görürük ki, Ermənistan bu tarixi imkandan lazımi şəkildə istifadə edə bilməyib. Ermənistandan verdiyi vədləri yerinə yetirməsini, xüsusən də Zəngəzur dəhlizinin açılmasını gözləyirik. İndi hamının qəbul etdiyi kimi, Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa statusun qoyulması heç vaxt qəbul edilməyəcək. Bizim əsas məqsədimiz hər kəsin, o cümlədən ermənilərin Azərbaycan torpaqlarında dinc yanaşı yaşaması olmalıdır”. Məhz bu tarixi reallığın BMT tribunasında siyasi liderlərin, dövlət başçılarının, dünya ictimaiyyətinin bir daha nəzərinə çatdırılması Azərbaycanın haqq işinə ən böyük tarixi dəstək idi”.