Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın siyasi iradəsinin açıq təzahürüdür. 44 günlük Vətən müharibəsi nəticəsində qalib Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni bir reallıq yaradıb. Bu reallıq sülhü, təhlükəsizliyi, əməkdaşlığı təşviq edir. Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünü bərpa edib. Bu gün Laçın sərhəd-buraxılış məntəqəsinin fəaliyyət göstərməsi və Azərbaycanın ərazisi daxilində atılan bütün addımlar ölkə qanunlarına, dövlətimizin tərəfdaş çıxdığı sivil dəyərlərə uyğundur. Azərbaycan məsuliyyətli dövlət kimi 10 noyabr 2020-ci il üçtərəfli razılaşması ilə öz üzərində düşən bütün öhdəlikləri icra edib. Amma Ermənistan tərəfi hər zaman olduğu kimi bu öhdəliklərdən boyun qaçırır, əldə edilmiş razılaşmanın şərtlərini icra etmir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan ərazisində Ermənistana məxsus 10 minə yaxın qanunsuz silahlı birləşmə qalmaqdadır. Sözsüz ki, bu qanunsuz birləşmələr Ermənistanın himayə etdiyi separatçı rejimin saxlanmasına xidmət edir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, hər zaman özünün pozucu mövqeyinə sadiq qalan Ermənistan və onun Azərbaycan ərazisində himayə etdiyi separatçı rejim Ağdam-Xankəndi yolu vasitəsi ilə Qarabağda yaşayan erməni əsilli sakinlər üçün yardımların çatdırılmasına əngəl törədirdi: “Uzun müddət bu məsələdən siyasi manipuliyasiya aləti kimi yararlanmağa çalışan terrorçu-xunta rejimi və Ermənistan Azərbaycanın qətiyyəti sayəsində geri çəkilməli oldular. Çünki onların iddialarının heç bir əsası yox idi. Ərazi Azərbaycana məxsusdur. Bura gətirilən istənilən yük sərhəd-gömrük yoxlanışından keçməzdən öncə Azərbaycan dövləti ilə qarşılıqlı razılıq əldə edilməlidir”.
Deputat bildirib ki, Laçın-Xankəndi yolunun açıq olduğu müddətdə erməni tərəfi bu yoldan ancaq mina, silah-sursat və qanunsuz daşımalar həyata keçirib: “Sözsüz ki, bu Azərbaycanın ərazi bütövlüyünün pozulması olmaqla yanaşı suverenliyinə də açıq qəsdir. Məhz bu zərurətdən Azərbaycan dövləti Laçın-sərhəd buraxılış məntəqəsini formalaşdırmaqla bölgədə sülhə, təhlükəsizliyə başlıca zəmin yaratmış oldu. Amma özünün işğalçı mahiyyətinə uyğun olaraq başqa dövlətin ərazisinə olan iddialarından əl çəkməyən Ermənistan “blokada” və Qarabağda yaşayan erməni əsilli sakinlərin “hümanitar böhranı” ilə bağlı hay-küy salmağa başladı. Azərbaycan Qarabağda yaşayan ermənilərə digər alternativ yol kimi Ağdam-Xankəndi marşurutu ilə yardımların çatdırılmasını təklif etdi. Uzun müddət Ermənistan və onun himayədarlıq etdiyi separatçı rejim bu yoldan istifadədən imtina etsə də yekunda Azərbaycanın siyasi iradəsi qarşısında geri çəkilməli oldular. Çünki bura Azərbaycan ərazisidir və burada atılan istənilən addım dövlətimizin qanunlarına əsaslanmalıdır”.
Məlahət İbrahimqızı ötən gün Ağdam-Xankəndi yolunun açılmasının Azərbaycanın sarsılmaz siyasi iradəsinin təzahürü olduğunu söyləyib: “Ağdam-Xankəndi yolu ilə yanaşı Laçın-Xankəndi yolu vasitəsi ilə Qarabağın erməni sakinlərinə yardımların və digər ləvazimatların çatdırılması barəsində razılıq əslində Ermənistanın və erməni lobbisinin bütün siyasi riyakarlıqlarını alt-üst etdi. Erməni lobbisinin əlində oyuncaq olan dövlətlər də nə qədər aciz duruma düşdüklərini yəqin ki, dərk etdi.
Qeyd edək ki, sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük avtomobilləri keçib. Belə ki, Qarabağdakı qanunsuz rejim BQXK-nin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının birgə təklifini qəbul edib. Bu da onların Azərbaycanın şərtlərinə tabe olduğunu göstərir.