ABŞ-ın yürütdüyü siyasətin təməlində yalnız öz maraqlarının dayandığı, riyakarlığın, xəyanətin və satqınlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi aydın görünür. Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın, Dnestryanını Moldovanın, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən, bütün beynəlxalq platformalarda bu ölkələrə dəstək verən ABŞ 30 ilə yaxın ərazisinin işğal altında olduğu Azərbaycana heç bir dəstək vermədi. Bu ölkə daha çox işğalçı Ermənistanın maraqlarına cavab verən addımlar atdı. Bu gün Ukraynaya verilən dəstəyin cüzi hissəsi Azərbaycana verilsəydi, torpaqlarımız uzun onilliklər işğal altında qalmazdı.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Ermənistan-Azərbaycan keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ heç bir iş görmədi: “Bu ölkənin də təmsil olunduğu həmsədrlər bölgəyə ancaq turist səfərləri gerçəkləşdirdilər, növbətçi bəyanatlar verdilər. Bu təşkilat və onun həmsədrlərindən biri olan ABŞ uzun illər münaqişənin dondurulmuş vəziyyətdə qalması üçün əlindən gələn hər şeyi etdi. Qarabağdakı qondarma rejimə hər il mina təmizləmə adı altında milyonlarla dollar yardım ayrıldı. Həmin dövrdə separatçılar ABŞ-a səfər edərək “Qarabağa yardım” adı altında vəsait topladılar. Məhz ABŞ-da Qarabağdakı cinayətkar rejimin ofisi yaradıldı, rejimin nümayəndələri Amerikaya səfər edərək ayrı-ayrı səviyyələrdə görüşlər keçirdilər. Bütün bunlar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə ABŞ-ın münasibətinin göstəricisi idi. Üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunsa da, arxada Ermənistan və Qarabağdakı separatçı rejimə dəstək verildi”.
Millət vəkili hesab edir ki, Azərbaycan uzun illər ABŞ-ın geosiyasi oyunlarından əziyyət çəkib: “Siyasi müxalifətin maliyyələşdirilməsi, təlimatlandırılması, QHT sektorunun, medianın siyasi oyunlara cəlb edilməsi kimi məkirli kampaniyalar aparılıb. Məqsəd o idi ki, Azərbaycanda ABŞ-ın maraqlarına sözsüz itaət edən hakimiyyət formalaşdırılsın. Bununla da Azərbaycan ərazilərinin işğalı legitimləşdirilsin. Lakin bu cəhdlər, çoxsaylı planlar baş tutmadı. Eyni zamanda ABŞ Azərbaycanı “suriyalaşdırmağa” da cəhdlər edib. Ölkənin güclənməsi, inkişaf etməsi və işğal altındakı Qarabağı azad etməsinə imkan verməmək üçün bir neçə dəfə “rəngli inqlilablar” planı hazırlanıb. Amma iqtidar-xalq birliyi sayəsində bu çirkin planların heç biri reallaşmayıb. 44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ bu gün taktikasını dəyişib. Amerika ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan LGBD, əxlaqsızlığı təbliğ edən “feministlər”, Vətən Müharibəsindəki Zəfəri dəyərsizləşdirməyə çalışan “NO WAR”çılardan istifadə etməyə çalışır. Bu məqsədlə ABŞ qatı ermənipərəst və antitürk, anti-Azərbaycan düşüncəli Samanta Pauerin rəhbəri olduğu USAİD xətti ilə bu qruplara maliyyə ayırır”.
Deputat bildirib ki, Vaşinqtonda son görüşdə əldə olunmuş razılığa əsasən, sentyabrın 1-də bölgədə yollar açılmalı və Ağdam-Xankəndi marşrutu işə düşməli idi: “Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı həm Laçın, həm Ağdam yolunun açılmasını xahiş etsə də, ABŞ razılaşmaya müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq göstərmək əvəzinə, öz mövqeyindən geri çəkildi. Ona görə də, bu gün istər Dövlət Departamenti, istərsə Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır. Bir qrup separatçını razı salmağı bacarmayan və ya istəməyən ABŞ bu gün öz cəsarətsizliyi və riyakarlığına görə günahı Azərbaycanın üzərinə atmağa cəhd göstərir. Qarabağda keçirilmiş qondarma “seçkilər”ə münasibətdə də ABŞ riyakarlığının şahidi olduq – 9 sentyabrda “keçirilmiş seçkilər”dən sonra aparıcı dövlətlər və təşkilatlar qanunsuz rejimi və onun “seçkilərini” tanımadığını bəyan etdiyi halda, Vaşinqton susmağa üstünlük verdi. Yalnız Azərbaycanın təzyiqlərindən sonra ABŞ Dövlət Departamenti sıravi təmsilçisi səviyyəsində şifahi şəkildə “seçkini” tanımadığını bildirmək məcburiyyətində qaldı”.
Məlahət İbrahimqızı vurğulayıb ki, ABŞ Dövlət Departamentinin təmsilçisi Lui Boninu regiona göndərib: “Amma bu səfər bölgədə problemlərin həllinə heç bir töhfə vermədi və nəticəsiz qaldı. Çünki ABŞ öz niyyətində səmimi deyil. Amerikanı sülh maraqlandırmır. Əks təqdirdə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Yuri Kim Konqresdəki çıxışında mövcud olmayan “Dağlıq Qarabağ xalqının hüquqları”ndan danışmazdı. ABŞ bugünkü reallıqları görməzdən gəlir və ciddi cəhdlə Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır. Faktiki olaraq bu gün ABŞ Fransa ilə yanaşı Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan verməyən və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış edir. Fransanın belə açıq ermənipərəst siyasəti sayəsində bu gün Paris regional proseslərdən tam təcrid olunub və vasitəçilik ümidlərini itirib. Belə getsə eyni aqibət özünü bölgədə xristian missioner kimi aparan ABŞ-ı da gözləyir. ABŞ-ın bugünkü riyakar siyasətinin Ermənistana xeyir verəcəyini düşünmək sadəlövhlükdür. Bu siyasət heç kimə xeyir gətirməyəcək”.