II Qarabağ müharibəsində Azərbaycan özünün beynəlxalq birlik tərəfindən qəbul edilən ərazi bütövlüyünü təmin edib. BMT-nin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin qeyd-şərtsiz boşaldılması ilə bağlı çıxarmış olduğu 4 Qətnaməsini ölkəmiz təkbaşına icra edib. Vətən müharibəsindən, Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı qələbədən sonra Azərbaycan keçmiş münaqişə səhifəsini çevirmək, gələcəyə yönəlmiş sülh prinsiplərini özündə ehtiva edən konsepsiyasını açıqladı. Bu regionda sülhü, təhlükəsizliyi, əməkdaşlığı, xalqlar–dövlətlər arasında əlaqələrin qurulması fonunda inkişafı ehtiva edir. Azərbaycan dövləti bu məqsədlə Ermənistana 5 bəndlik sülh konsepsiyası təklif edib. Amma hələ də qarşı tərəf bu müstəvidə konkret addım atmayıb. Görünən odur ki, Ermənistan və onun havadarları müharibədə məğlub olaraq düşdükləri durumu qəbul etmək istəmir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, 30 ilə yaxın Azərbaycan əraziləri Ermənistan tərəfindən işğalda saxlanıldığı dövrdə susan beynəlxalq təşkilatlar və bəzi siyasətçilər bu gün heç bir əsas olmadan ölkəmizə qarşı ikili standartların xarakterinə uyğun mövqe sərgiləyir: “Azərbaycan beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü daxilində ölkə Konstitusiyasına və qanunlarına uyğun olaraq istənilən addımı atmaqda sərbəstdir. Bu dövlətimizin suveren haqqıdır. Kimlərinsə, buna kənardan müdaxilə etməyə ixtiyarı yoxdur. Ona görə də, bu gün Azərbaycan dövlətinin özünün suverenliyi, təhlükəsizliyi və sərhədlərinin toxunulmazlığı istiqamətində atmış olduğu addımlara görə, başqalarının narahat olması heç bir məntiqə uyğun deyil. Laçın Azərbaycan ərazisidir. Laçın sərhəd-buraxılış məntəqəsi Azərbaycan sərhəddində beynəlxalq hüquqa Azərbaycanın tərəfdaş kimi fundamentel əsəslara uyğun formalaşıb. Qarabağda yaşayan erməni əsilli sakinlər isə Azərbaycan ərazisində yaşadıqlarına görə, onlarla bağlı atılan addım, verilən qərar, edilən yardım ancaq ölkəmizlə qarşılıqlı razılaşma əsasında həyata keçirilə bilər”.
Millət vəkili hesab edir ki, Ermənistanın işğal mahiyyətinə və bölgədə separatizmi yenidən alovlandırmaq niyyətinə uyğun olaraq sərgilədiyi mövqe yenidən gərginliyə yol açır: “Azərbaycanla razılaşdırmadan ölkə sərhəddinə hümanitar yardım adı altında yük konvoyları göndərən bununla bağlı beynəlxalq ictimaiyyətə “blokada” və “hümanitar” böhran şousu yaratmaq əsassızdır. Çox təəsüf bəzi Qərb dövlətləri də erməni tərəfinin bu yalanlarına alət olur. Fransa kimi dövlətlər isə birbaşa bu yalan və təxribat kampaniyasında aktiv yer alır. Bəzi siyasətçilər isə erməni lobbisindən alınan qonorar və verilən təlimat əsasında Azərbaycana qarşı qarayaxma kampaniyasına qoşulub”.
Deputat bildirib ki, Qarabağda yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Azərbaycan Ağdam-Xankəndi marşurutunu təklif edib: “Amma bunu heç bir halda qəbul etməyən Ermənistan və onun bölgədə saxlamağa çalışdığı separatçı xunta rejimi gərginlyi hər gün daha da artırır. Çox təəsüf ki, erməni lobbisinin əlində oyuncaq olan bəzi Avropa siyasətçiləri də separatizmə açıq dəstək verir. Bu sözsüz ki, Avropa, Qərb dəyərlərinin özü üçün başlıca təhlükədir. Çünki bu gün dünya separatizmdən, terror və daxili ixtilaflardan əziyyət çəkir. Belə olduğu halda Avropa Birliyinin (AB) xarici siyasət rəhbəri Cozep Borrel (Joseph Borrel) kimi siyasətçilərin separatizmi dəstəkləməklə Azərbaycanın daxili işlərinə qarışmağa heç bir haqqı çatmır. Bu bir ölkənin daxili işlərinə açıq müdaxilədir. Borrel kimi siyasətçilər erməni lobbisinin yedəyində onların sifarişlərinin icraçısı olmaqdan nəhayət imtina etməlidir. Bu onların təmsil etdiyi təşkilatların mahiyyəti ilə ziddiyət təşkil edir. J.Borrel Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə bir dəfə də olsun həqiqəti deməyib. İndi isə o ermənilərin maraqları naminə dəridən-qabıqdan çıxır. Onun kimi siyasətçilərin Azərbaycana söz deməyə mənəvi haqqı çatmır. Heç kim Borrel kimi erməni lobbisinin sifarişçilərinə Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyar verməyib”.