II Qarabağ müharibəsi nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü təmin edib. BMT-nin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyulmasını tələb edən qətnamələrini ölkəmiz təkbaşına icra edib. Bölgədə sülhə, təhlükəsizliyiə təhdid yaradan amillər aradan qaldırılıb. Separatizmə sarsıdıcı zərbə vurulub. Azərbaycan dövləti Qarabağın dağlıq hissəsində yaşayan erməni əsilli şəxslərə ölkə qanunları ilə müvafiq hüquqlar tanımağa, normal şərait yaratmağa hazır olduğunu bəyan edib. Amma Ermənistan işğalçı siyasətindən əl çəkməyərək növbəti dəfə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir, separatizmə açıq dəstək verir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisində hansısa qanunsuz rejim yaradanlar reallığı dərk etməlidir: “Bu Azərbaycan Konstitusiyasına, qanunlarına, suverenliyinə, açıq təhdiddir. Separatizm bu gün bütün dünya dövlətləri tərəfindən qınanılır, rədd edilir. Bu halda Azərbaycan ərazisində hansısa separatçı rejimin olması qeyri-mümkündür. Vaxtilə Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimin “prezident seçkiləri” adı altında apardığı qanunsuz fəaliyyət yolverilməzdir. Bu Azərbaycan Konstitusiyasının, qanunlarının və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Azərbaycan ərazisində siyasi iradə ancaq seçki vasitəsilə ölkə Konstitusiyası ilə müəyyənləşir”.
Millət vəkili hesab edir ki, Ermənistanın separatçı, xunta rejimini dəstəklənməsi təcavüz və etnik təmizləmə mahiyyəti daşıyır: “Separatçı rejim tərəfindən atılan addımlar hüquqi qüvvəyə malik deyil. Bu addım Ermənistanın hazırkı mərhələdə təxribatçı fəaliyyətinin elementidir. Etnik ermənilərin Azərbaycan qanunları çərçivəsində reinteqrasiya prosesinə ciddi zərbədir”.
Millət vəkilinə görə, separatçıların təşkil etdiyi “seçki” oyununa Ermənistanın birmənalı dəstəyi onun sülh prosesində maraqlı olmadığını göstərir: “Ermənistan etnik ermənilərlə dialoqa maneə olmaqla ölkəmizin daxili işlərinə müdaxilə edir. Bu suverenliyimizə və ərazi bütövlüyümüzə növbəti qəsddir. Güclü və qalib Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaq. Sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin ərazimizdən tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır”.