Fransa ermənipərəst siyasətindən əl çəkmir. Keçmiş Dağlıq Qarabağ münaqişəsi dövründə də Fransa ancaq şəkildə Ermənistanın işğal siyasətinə haqq qazandırmağa çalışıb. Elə bunun nəticəsidir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransa keçmiş münaqişə vəziyyətinin həllində maraqlı olmayıb. Çünki Fransa hər zaman status-kvonun saxlanmasına, Ermənistanın işğal siyasətinə dəstək verib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycan ərazisi beynəlxalq birlik tərəfindən tanınır: “Bu gün ölkəmiz məhz ərazisi daxilində inzibatı addımlar atır. Bu addımlar ölkə Konstitusiyasına, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Laçın sərhəd-buraxılış məntəqəsi də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə əsasən formalaşıb. Çünki Laçın Azərbaycan ərazisidir. Ölkəmizin Laçında yaratmış olduğu sərhəd-buraxılış məntəqəsi onun tərəfdaş çıxdığı beynəlxalq prinsiplərə uyğundur”.
Millət vəkili bildirib ki, Azərbaycanın Laçın sərhər-buraxılış məntəqəsini yaratması Ermənistanı və onun əsas havadarlarından olan Fransanı ciddi şəkildə narahat edir: “Erməni lobbisinin əlində oyuncağa çevrilən Fransa hakimiyəti başda Emmanuel Makron olmaqla Azərbaycanın daxili işlərinə qarışmağa, onun suverenliyinə, təhlükəsizliyinə, sərhədlərinin toxunulmazlığına təhdid yaradır. Təbii ki, bu yol verilməzdir və mümkün deyil. Azərbaycan II Qarabağ müharibəsində özünün beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü təmin edib. Fakt odur ki, Fransa erməni lobbisinin sifarişi ilə Azərbaycanın daxilində qanunsuz olaraq fəaliyyət göstərən qondarma rejimin hamisi kimi çıxış edir. Ona görə də, Fransanın bu davranışları ölkələrin ərazi bütövlüyü, suverenliyinə cəhd olmaqla yanaşı, separatizmə açıq dəstək hesab edilir”.
Aqil Məmmədova görə, erməni tərəfinin və Fransanın bölgədə “hümanitar böhran” və “blokda vəziyyəti” ilə bağlı uydurmağa çalışdığı mənzərə alt-üst oldu: “Azərbaycan dəfələrlə bəyan edib ki, Ağdam-Xankəndi yolu açıqdır. Buradan Qarabağda yaşayan erməni əsilli sakinlərin zəruri ehtiyaclarının təmin edilməsi mümkündür. Eyni zamanda Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli sakinlər üçün yardım aparıb. Amma çox təəsüf ki, onlar bundan imtina edir. Əslində bu fakt orada hümanitar böhranla bağlı yaradılan hay-küyün əsassız olduğunu göstərir. Əgər belə bir problem olsa idi, Qızıl Aypara Cəmiyyətinin təklif etdiyi 40 tonluq un Qarabağın erməni sakinlərinə çatırılması təmin edilərdi”.
Deputat vurğulayıb ki, erməni tərəfinin ucuz təbliğatı, burada “blokada” və “hümanitar” böhran vəziyyəti ilə bağlı yaratdığı şou sona çatdı: “Sadəcə olaraq Fransa hakimiyyəti başda prezident Emmanuel Makron olmaqla Ermənistanın əsassız iddiaları, yalan məlumatları, uydurma şouları naminə dəridən-qabıqdan çıxır. Fransa mətbuatı xüsusi ilə “Le Monde” qəzeti bu sırada qərəzli materialları ilə həqiqətdən uzaq məlumatları tirajlamaqla məşğul olur. Fransanın proseslərə qarşı siyasi riyakarlığını ifadəsini “Le Monde” qəzetinin səhifələrində görmək olur. Fakt odur ki, “Le Monde” və digər fransız nəşrləri Ermənistanın əsassız iddialarının ucuz təbliğatçısına, açıq ruporuna çevrilib”.