II Qarabağ müharibəsi nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz təmin edildi. Azərbaycan post-münaqişə dövründə də qarşıya qoyulan vəzifələrin ardıcıllıqla icrasına nail olur. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması da mühüm tarixi hadisə hesab olunur.
Bunu Siyasətinfoya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, iqtisadçı ekspert Səkinə Babayeva deyib.
O qeyd edib ki, bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olunub: “Artıq fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalanır. Buna baxmayaraq Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirir”.
AQSİA sədrinə görə, rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə edir: “Ermənistan həmçinin ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətinə bu gün fərqli don geyindirməyə can atır. Reallıq odur ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin legitim hüququdur. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işi hesab olunur”.
Səkinə Babayeva hesab edir ki, dövlətimizin təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı atılan bu addım Azərbaycan qanunlarına, ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq konvensiyalara uyğundur: “Sözsüz ki, Laçın sərhəd-buraxılış məntəqəsinin strateji əhəmiyyəti çox böyükdür. Ona görə də, Ermənistan tərəfinin “Laçın” sərhəd-buraxılış məntəqəsi ətrafında “blokada” və “hümanitar” vəziyyətlə bağlı aparmağa çalışdığı şou iflasa məhkumdur. Çünki Azərbaycan Ağdam-Xankəndi yolu ilə bölgəyə bütün daşımaların təmin edilməsinə təminat verir. Bundan düşünülmüş şəkildə imtina edilməsi siyasi riyakarlıqdan başqa bir şey deyil”.