Vətəndaş cəmiyyəti inistutlarının təmsilçilərinin, qeyri-hökumət təşkilatları fəallarının Şuşa-Xankəndi yolunda “Ekoloji terrora son qoyulsun” şüarı ilə keçirdiyi aksiya haqlı tələblərə, beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Çünki beynəlxalq hüquq bir dövlətin ərazisində qeyri–qanuni olaraq təbii, mineral sərvətlərin talanmasını qadağan edir. Ona görə də, azərbaycanlı fəalların, ekoloqların, mütəxəssislərin rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə vəziyyətlə bağlı monitorinq aparmaq tələbi yerinə yetirilməlidir. Ərazi Azərbaycan məxsusdur. Burada olan bütün yeriüstü və yeraltı sərvətlər Azərbaycana məxsusdur. Kiminsə burada xalqımıza məxsus faydalı qazıntıları talamasına, ərazidə ekoloji terror törətməsinə imkan verilməyəcək.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O hesab edir ki, hazırda Şuşa-Xankəndi yolunda keçirilən aksiya haqlı tələblərə əsaslanır və hər bir Azərbaycan vətəndaşı bu məsələdə həmrəy olmalıdır: “Çünki bu bölgədə uzun müddət davam edən qanunsuz fəaliyyətə qarşı haqlı bir tələbdir. Burada ərazi ilə bağlı öz üzərinə birbaşa məsuliyyət götürmüş rus sülhməramlıları vəzifələrini icra etməyib. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla Ermənistan burada olan bütün qanunsuz silahlılarını çıxarmalı idi. Eyni zamanda prosesin icrasına birbaşa nəzarət və məsulliyyətli olan rus sülhməramlıları da bu məsələnin icrasını tələb etməyib. Əksinə sülhməramlılar bölgədə qısa zamanda inteqrasiyaya zəmin yaratmalı, orada yaşayan azsaylı ermənilərin Azərbaycan dövlətinin tərkibində yaşaması üçün münbit mühit formalaşdırmalı idi. Amma iki ildən artıq bir zaman keçməsinə baxmayaraq bu istiqamətdə heç bir addım atılmayıb”.
Deputat bildirib ki, sülhməramlılar burada daha çox öz məsuliyyətlərindən kənar işlərlə məşğul olub: “Həmçinin sülhməramlılar öz nəzarətlərində olan ərazilərdə azərbaycanlı mütəxəssislərin tədqiqat, monitorinq aparmasına belə şərait yaratmayıb. Fakt odur ki, Azərbaycan ərazisində təbii mineral yataqların və qızıl yataqlarının qanunsuz istismarına göz yumulur. Azərbaycan tərəfindən bu məsələ ilə bağlı tələblər irəli sürüldükdə isə bu görməzdən gəlinir. Reallıq ondan ibarətdir ki, sülhməramlılar qanunsuz olaraq Azərbaycan ərazisində olan faydalı qazıntı və mineral yataqların istismarına şərait yaradıb. Bütün bunlar isə Azərbaycan tərəfinin haqlı narazılığına və bu günki mənzərənin ortaya çıxmasına səbəb olub”.
Sevinc Hüseynova deyib ki, bir müddət öncə İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət rus sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamalı idi. Amma fakt odur ki, sülhməramlılar buna imkan yaratmayıb. Ona görə də, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ekoloqlar ərazidə monitorinq aparılmasını tələb edir. Ermənistanın Azərbaycan ərazilərində ekoloji terror törətməsi ilə bağlı kifayət qədər danılmaz, təkzibolunmaz faktlar mövcuddur. Çünki 30 ilə yaxın Ermənistan Azərbaycan ərazilərini işğalda saxlamaqla bölgədə ekoloji terror törədib. Bu gün də Azərbaycana məxsus ərazilərdə separatçılar sülhməramlıların dəstəyi ilə təbii ehtiyyatların mənimsənilməsi, mineral yataqların qanunsuz istismarını həyata keçirir”.