BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023-ci il tarixində keçirilən növbədənkənar iclası Azərbaycanın növbəti diplomatik qələbəsi kimi tarixə düşdü. Ermənistanın növbəti avantürası alt-üst oldu. Rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran”la bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddiaları rədd edildi. Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoyması ilə bağlı absurd iddiaları BMT TŞ-nin iclasında ifşa olundu.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Ermənistan özünün absurd iddialarını BMT TŞ-nın növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı: “Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi. Azərbaycana qarşı erməni tərəfinin iddiaları ilə bağlı heç bir fikir bildirilmədi. Sözsüz ki, bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü fəaliyyətinin uğurlu nümunəsi ilə bağlıdır”.
Millət vəkili hesab edir ki, Ermənistan 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb: “Amma buna baxmayaraq erməni tərəfi qətnamələrini heçə saydığı BMT-dən indi yardım diləyir. Ona görə də, Ermənistanın bu hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümü idi. Çünki İrəvanın Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir”.
Aqil Məmmədova görə, Azərbaycanın beynəlxalq təşkilatlarda əldə etdiyi uğurlar həyata keçirilən düzgün siyasi strategiyaya əsaslanır: “Azərbaycan Prezidentinin uzaqgörən xarici siyasəti bu müstəvidə mühüm önəm kəsb edir. Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi ölkəmizin geniş müstəvidə dost və tərəfdaşlarının sayının artmasına imkan yaradıb. Məhz beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirib. Nəticədə strateji düşüncəni ön planda tutulması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələnib”.
Deputat vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının son iclasında ölkəmizə olan açıq münasibət Azərbaycan diplomatiyasının növbəti uğuru hesab edilir: “Beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı və obyektiv mövqeyi nəticəsində erməni hiyləsi və siyasi şousu alınmadı. Ermənistanın humanitar məsələləri siyasi məqsədlər üçün istifadə cəhdləri iflasa uğradı. Fakt odur ki, erməni tərəfi humanitar təşkilatın ərazidə mövcudluğunu və fəaliyyətini siyasiləşdirməklə Qarabağda yaşayan etnik erməni sakinlərinin reinteqrasiyasına süni maneələr yaradır. Reallıqda isə Laçın sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Belə ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alır. Məntəqə eyni zamanda ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması kimi fəaliyyətin qarşısını almaq məqsədilə yaradılıb. Azərbaycanın prinsipial və ədalətli mövqeyi ondan ibarətdir ki, ölkəmiz Qarabağda yaşayan erməni sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir və bunu bütün beynəlxalq tribunalardan dəfələrlə ən yüksək səviyyədə dilə gətirib. Azərbaycan Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni sakinlərin ehtiyacları üçün təklif etdiyi yol beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanır. Sadəcə olaraq Ermənistan və onun Qarabağda saxlamağa çalışdığı qondarma qurum Ağdam-Xankəndi yolundan istifadənin onların məkirli niyyətlərinin sonu olduğu qənaətindədir. Amma gec-tez bu baş verəcək. Çünki ərazi Azərbaycana məxsusdur. Ona görə də, burada təminat ölkəmizin daxili yollarından istifadə və onun iştirakı, razılığı ilə mümkündür”.