Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr bir daha göstərdi ki, Azərbaycan sülh gündəliyinə sadiqdir. Ermənistan isə bu prosesə maneə yaradır. Öz havadarlarına, erməni lobbisinə güvənən Ermənistan, Qarabağdakı “cinayətkar-xunta rejimi”, hərbi separatçıları davamlı olaraq siyasi, hərbi təxribatlar törədir. Azərbaycana qarşı şər-böhtan kampaniyaları aparır. Və bu aksiyanın kulminasiya nöqtəsi BMT TŞ-da keçirilən iclas oldu. BMT TŞ-nın 4 qətnaməsini yerinə yetirməyən Ermənistanın belə bir iclasın keçirilməsinə nail olması nə məntiqə, nə beynəlxalq hüquqa sığmır.
Bunu Siyasətinfoya Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, bu iclasda heç bir sənəd qəbul olunmadı: “Əksinə, beynəlxalq ictimaiyyəti çaşdırmaq, Azərbaycana qarşı haqsız rəy formalaşdırmaq istəyən Ermənistan öz qazdığı quyuya düşdü. Prezident İlham Əliyevin vurğuladığı kimi “bizim siyasətimiz, addımlarımız, qərarlarımız məntiqlidir, ardıcıldır” məntiqi növbəti dəfə uğur qazandı. Ölkə başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu artır, dostları çoxalır. Vətən müharibəsində şanlı Qələbə qazanan Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaratdı. Son geosiyasi və hərbi proseslər fonunda isə onun bölgədəki, hətta dünyadakı rolu dəyişdi. Bu gün Azərbaycan qlobal təşəbbüslər irəli sürən, sülh və təhlükəsizliyə, ədalətə və bərabərliyə mühüm töhfələr verən bir ölkədir. Və bu reallığı beynəlxalq ictimaiyyət yaxşı dərk edir. Eyni zamanda, Azərbaycan hər zaman beynəlxalq hüquq norma və prinsiplərə uyğun davranır. Bütün səviyyələrdə haqlı mübarizəsini ləyaqətlə aparır. Buna heç bir zorakılıq, böhtan, yalan olmadan nail olur”.
Deputat Azərbaycanın daim nümayəndəsi Yaşar Əliyev çoxəhatəli, faktlara əsaslanan çıxışı ilə BMT Təhlükəsizlik Şurasının Ermənistan üçün sui-istifadə platformasına çevrildiyinə işarə edib: “Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır. İclasda çıxış edən üzvlərin ortaq fikirləri “regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır”. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də Türkiyənin nümayəndəsi Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların fəaliyyət göstərməsi ilə bağlı səmimi dialoq və vicdanlı qarşılıqlı fəaliyyətin zəruriliyinə diqqət çəkdi və fikirlər səsləndirdi. Beləliklə, BMT TŞ-nın iclasından heç bir nəticə ala bilməyən Ermənistan daha bir dəfə fiaskoya uğradı. Azərbaycan isə bir daha öz ədalətli və haqlı mövqeyini Azərbaycanın daim nümayəndəsi Yaşar Əliyevin çoxəhatəli, faktlara əsaslanan çıxışı ilə bir daha beynəlxalq tribunadan ifadə elədi. Həmçinin, Ağdam-Xankəndi yolunun açılması üçün beynəlxalq ictimai rəyi bir qədər də möhkəmləndirdi. Xatırladaq ki, avqustun 16-da Azərbaycanda fəaliyyət göstərən akkreditə olunmuş diplomatik korpusun, o cümlədən BMT-nin Rezident Əlaqələndirici Ofisinin və BMT-nin digər qurumlarının nümayəndələri (45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi) Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmuşdular. Elə müzakirələr zamanı Azərbaycanın “Ağdam-Xankəndi” yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yaratdığı maneələrin qəti şəkildə aradan qaldırılmasının vacibliyi bir daha qeyd olundu”.
Millət vəkili Laçın dəhlizində quraşdırılan sərhəd-nəzarət buraxılış məntəqəsinin fəaliyyətinə qarşı ermənilərin və onların havadarlarının apardığı təbliğatın da nəticəsiz qaldığını söyləyib: “Digər mühüm məqam isə Beynəlxalq Qızıl Xaçın regionda siyasi aktora çevrilməsi məsələsinin gündəmə gətirilməsi oldu. Azərbaycan nümayəndəsi öz çıxışında, vurğuladı ki, “Ermənistan BQXK-nin vasitəçiliyindən sui-istifadə etməklə Qarabağ bölgəsinə mikroçiplər kimi ikili təyinatlı texnologiyaları qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməklə, presendentsiz addım atıb. BQXK Komitənin humanitar mandatına və nüfuzuna ciddi zərbə vuran bu faktı etiraf etməyə məcbur olub. Ermənistan BQXK-nin Bakıda yerləşən beynəlxalq tibb işçilərinin Xankəndiyə göndərilməsini qəbul etməyib. Bu təklif BQXK-nin tibbi evakuasiyalarını asanlaşdırmaq və tibbi məsələlərin yerində həllinə kömək etmək çərçivəsində irəli sürülüb və Azərbaycan tərəfindən dəstəklənib. Ermənistanın BQXK-dən siyasi məqsədləri üçün sui-istifadə etməsi də açıq şəkildə göstərir ki, beynəlxalq mövcudluğun, o cümlədən BMT-yə bağlı təşkilatların artırılmasına dair çağırışların humanitar narahatlıqlarla heç bir əlaqəsi yoxdur, bunun əvəzinə məqsəd manipulyasiya etmək üçün daha çox alət əldə etməkdir”.
Komitə sədri hesab edir ki, bütün bu faktlar Azərbaycanın bu qurum qarşısında qəti şərtlər qoymasına real zəmin yaradır: “Azərbaycan qalib olmasına baxmayaraq, özü müharibədən sonra iki ölkənin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında sülh təklif edib. Bunu həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət unutmamalıdır. Bütün ağrı-acılara, öz doğma yurdlarından məcburi köçkün düşmələrinə, erməni işğalçıları tərəfindən işgəncələrə məruz qalmalarına, erməni faşizminin törətdiyi humanitar və ekoloji cinayətlərə baxmayaraq Azərbaycan münasibətlərin normallaşmasına hazır olduğunu bəyan edib. Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin taleyinə gəldikdə isə, onlar Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş, habelə Azərbaycanın tərəfdar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq, bütün hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparır. Bütün bunlarla yanaşı, suverenliyimizi və ərazi bütövlüyümüzü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə qorumaq bizim haqqımızdır”.