II Qarabağ müharibəsindən sonra Azərbaycan özünün beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan sülh konsepsiyasını ortaya qoydu. Bu sülh konsepsiyası ilə nəhayət Cənubi Qafqazda sabitliyin, inkişafın, iqtisadi-siyasi əlaqələrin fundamental əsasları formalaşacaqdı. Amma çox təəsüf ki, Ermənistan tərəfi növbəti dəfə davamlı sülhün bərqərar edilməsi istiqamətində atılan addımlara əngəl yaradır. Sülh istiqamətində ortaya qoyulan mövqe Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasətinin qurbanına çevrilir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, özünün təxribatçı mahiyyətinə uyğun olaraq erməni tərəfi Azərbaycanın daxili işlərinə müdaxilə, ərazi bütövlüyü və suverenliyi məsələsində təhrikedici addımlardan əl çəkmir: “2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyasını özü üçün alətə çevirməyə çalışır. BMT TŞ-nın 4 Qətnaməsini 30 il heçə sayan bir ölkə indi bu qurumdan özünün absurd istəklərinə görə siyasi dəstək qazanmağa can atır. Fakt odur ki, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan ölkə kimi tarixə düşüb”.
Millət vəkili hesab edir ki, Ermənistanın bölgədə “humanitar vəziyyətin pisləşməsi” və “davam edən blokada” ilə bağlı əsassız iddiaları ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciəti onun növbəti təxribatı və Azərbaycanın daxili işlərinə qarışmaq, sərhədlərinin, suverenliyinin pozulmasına açıq cəhddir: “Bu ölkə növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə qəsdən və məqsədyönlü şəkildə mane olur. Son üç il ərzində Ermənistanın Laçın yolundan geniş miqyasda sui-istifadə etməsi halları ilə bağlı kifayət qədər ciddi faktlar var. Məhz bu qanunsuzluqlara, qeyri qanuni silah və qaçaqmalçılığa qarşı Azərbaycanın öz sərhədində təhlükəsizlik və asayişi təmin etmək məqsədilə sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis olunması üçün legitim və hüquqi tədbirlər görməsi beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanıb”.
Məlahət İbrahimqızına görə, Ermənistanın bu səyləri “blokada” kimi təqdim etməyə çalışması absurddur: “Ona görə də, erməni tərəfinin Laçın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsinə baxmayaraq o buradan əli boş döndü. Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanı məyus etdi. Ədalət mühakiməsinin 6 iyul tarixli qərarında bu tələb yekdilliklə rədd edildi. Amma bütün bunlara baxmayaraq Ermənistan Azərbaycan ərazisindən silahlı qüvvələrini tam çıxarmaq istəmir. Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün “Ağdam-Xankəndi” yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı da Ermənistan açıq maneələr törədir”.