Azərbaycanla Çin arasında əlaqələrin tarixi qədimdir. Ölkəmiz ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında münasibətlər yeni müstəvidə formalaşmağa başlayıb. Bu mənada iki ölkə arasında möhkəm diplomatik və mədəni əlaqələr var. Dünyanın böyük dövlətlərindən biri olan Çin ölkəmizlə qarşılıqlı faydalı əməkdaşlıq yaratmaqda maraqlıdır. Məhz bu kontekstdə Azərbaycanla Çin arasında bütün istiqamətlərdə sıx əlaqələr mövcuddur. Prezident İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində söylədiyi fikirlər məhz bu reallığı təsdiq edir. Ölkə başçısının da vurğuladığı kimi iki ölkə arasında münasibətlər möhkəm təməllər üzərində qurulub.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, ölkə başçısı müsahibəsində Azərbaycanla Çin arasında inkişaf edən siyasi, iqtisadi, mədəni əlaqələrə toxunub: “Bu xüsusda Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri vacib amil kimi önə çıxır. Vurğulanıb ki, Ulu Öndər Azərbaycanın əsas götürdüyü daxili və xarici siyasət prioritetlərini müəyyən etməklə yanaşı müasir dövlətçiliyi quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan tarixi şəxsiyyət olub. Məhz Azərbaycanla Çin arasında diplomatik əlaqələrin qurulmasında və inkişafında da Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri mövcuddur. Ulu öndərin Çinə tarixi səfərləri və bu ölkənin rəhbərləri ilə görüşləri iki ölkə arasında əməkdaşlığın çərçivəsini müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub”.
Deputat bildirib ki, Azərbaycan-Çin münasibətləri qarşılıqlı hörmət və dostluq üzərində formalaşıb: “Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri ölkələrimiz arasında digər sahələrdə də əməkdaşlığın xarakterinə müsbət təsir edən başlıca amildir. Sözsüz ki, Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayıb. Azərbaycan Cənubi Qafqaz regionunda önəmli ölkə olmaqla yanaşı Şimalla Cənubun, Şərqlə Qərbin qovşağında mühüm strateji, əlverişli mövqeyə sahibdir. Ölkəmiz həmçinin Avropa ilə Asiya arasında mühüm körpü rolunu oynayır. Məhz bu reallıq kontekstində Prezident İlham Əliyevin vurğuladığı kimi “Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi. İndi sadəcə, texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq. Gəmiqayırma zavodunun genişləndirilməyi nəzərdə tutulur, ildə 6-8 deyil, 10-20 gəmi inşa ediləcək”.
Sevinc Hüseynova Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və eləcə də “Bir kəmər, bir yol” kimi önəmli infrastruktur layihələrinin əhəmiyyətinin də ölkə başçısı tərəfindən vurğulandığını söyləyib: “Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün də iqtisadi baxımdan yeni imkanlar yaradır. Ölkəmizin başçısı həmçinin Zəngəzur dəhlizinin reallaşacağından sonra genişlənəcək nəqliyyat imkanlarından da bəhs edib. Dövlətimizin başçısı bildirib ki, Zəngəzur dəhlizi “Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq”. Sözsüz ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə regional və beynəlxalq ticarət əlaqələrində yeni bir mərhələnin əsası qoyulacaq. Dəhlizin işə düşməsi ilə ilk növbədə Cənubi Qafqazda yeni bir canlanma, əməkdaşlıq, iqtisadi-siyasi şərait yaranacaq. Azərbaycan Prezidentinin ortaya qoymuş olduğu konsepsiya da məhz bunu ehtiva edir”.