Azərbaycan-Çin əlaqələrinin qədim tarixi mövcuddur. Ölkəmiz ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında münasibətlər yeni müstəvidə formalaşmağa başlayıb. Hazırda hər iki ölkə arasında möhkəm diplomatik və mədəni əlaqələr var. Dünyanın böyük dövlətlərindən biri olan Çinlə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Bu kontekstdə hər iki dövlət arasında bütün istiqamətlər üzrə sıx əməkdaşlıq formalaşıb. Prezident İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində vurğuladığı fikirlər də məhz bu reallıqdan irəli gəlir. Ölkəmizin başçısının qeyd etdiyi kimi Azərbaycanla Çin arasında münasibətlər möhkəm təməllər üzərində qurulub.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycan-Çin münasibətləri qarşılıqlı maraqlara hörmət prinsipi əsasında qurulub: “Ölkəmizin başçısı Azərbaycanla Çin arasında inkişaf edən siyasi, iqtisadi, mədəni əlaqələrdən bəhs edib. Bu əlaqələrin formalaşmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri sadalanıb. Bildirilib ki, Ulu Öndər bu gün Azərbaycanın əsas tutduğu daxili və xarici siyasət prioritetlərini müəyyən etmiş tarixi şəxsiyyətdir. O müasir Azərbaycan dövlətçiliyinin banisi, ölkəni inkişaf yoluna istiqamətləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan Dahi Liderdir. Azərbaycanla Çin arasında diplomatik əlaqələrin qurulmasında və inkişafında da Ulu Öndər Heydər Əliyevin tarixi misilsiz xidmətləri mövcuddur. Məhz Ümummilli Lider Heydər Əliyevin Çinə səfərləri, ölkə rəhbərləri ilə görüşləri iki ölkə arasında əməkdaşlığın möhkəm təməllər üzərində formalaşmasının sağlam təməllərini formalaşdırıb”.
Deputat bildirib ki, məhz bu müstəvidə Azərbaycan-Çin münasibətlərinin 30 illik inkişaf yolu iki ölkə arasında əməkdaşlıqda qarşılıqlı siyasətin əsaslarını formalaşdırıb: “Sözsüz ki, xalqlar arasında olan tarixi dostluq münasibətləri Azərbaycanın Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda vacib dəstəyi ilə xarakterizə olunur. “Bir kəmər, bir yol” strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynaması mühüm önəm kəsb edir. Bu bir reallıqdır ki, Azərbaycan Cənubi Qafqaz regionunda olduqca önəmli bir ölkə olmaqla yanaşı Şimalla Cənubun, Şərqlə Qərbin qovşağında mühüm strateji mövqeyə malikdir. Azərbaycan həmçinin Asiya ilə Avropa qitələri arasında mühüm körpü rolunu oynayır”.
Məlahət İbrahimqızı hesab edir ki, Azərbaycan həmçinin Avropa ilə Çin arasında ən qısa dəmir yolu əlaqəsini təmin edən başlıca infrastruktura malikdir: “Bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Bir kəmər, bir yol” kimi önəmli infrastruktur layihələri beynəlxalq iqtisadi-siyasi əməkdaşlıq üçün başlıca zəmindir. Bakı-Tbilisi-Qars dəmir yolu təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, ümumilikdə Avrasiya regionunda yerləşən ölkələr üçün iqtisadi imkanlar yaradıb. Prezident İlham Əliyev müsahibədə həmçinin Zəngəzur dəhlizinin reallaşacağını və bu mühüm kommunikasiya bağlantısının daha geniş imkanlar açacağını söyləyib. Ölkəmizin başçısı qeyd edib ki “Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb”. Bütün bunlar onu deməyə əsas verir ki, Zəngəzur dəhlizi regional və beynəlxalq ticarət əlaqələrində yeni bir mərhələnin başlanğıcı olacaq. Məhz Azərbaycanın siyasi-iqtisadi iradəsinə əsaslanan, Prezident İlham Əliyevin praqmatizminə söykənən regional inkişaf konsepsiyasında Zəngəzur dəhlizi mühüm önəm kəsb edir. Bununla Cənubi Qafqazda yeni reallıqlar və daha sıx iqtisadi-siyasi, mədəni əməkdaşlıq imkanları yaranacaq ki, bu da bütövlükdə regionda canlanmaya səbəb olacaq”.