Azərbaycanda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlərinin görüşü çox vacib mesajların verilməsi ilə yadda qaldı. Sözsüz ki, Azərbaycan artıq çox böyük mötəbər tədbirlərə ev sahibliyi edir. Hətta koronavirus pandemiyası, beynəlxalq iğtişaşlar və münaqişələrin alovlandığı bir şəraitdə Azərbaycanda nəzərdə tutulan bütün layihələrin uğurla reallaşması mümkün olub. Həmçinin ölkəmizin beynəlxalq əməkdaşlığı daha da genişlənib. Bu kontekstdə bır sıra tədbirlərin keçirilməsi davam edir. Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü də məhz bu mötəbər tədbirlərin davamı hesab edilir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, son dövrlər Qoşulmama Hərəkatının tədbirlərinə beynəlxalq marağın artması Azərbaycanın bu təşkilata uğurlu sədrliyi ilə bağlıdır: “Reallıq ondan ibarətdir ki, Qoşulmama Hərəkatı son 4 ildə olduğu qədər fəal olmayıb. Təşkilat dünyada gedən proseslərə bu qədər geniş və qlobal təsir göstərmək imkanı qazanıb. Bu baxımdan QH-nin Əlaqələndirmə Bürosunun nazirlərinin görüşündə Azərbaycan Prezidenti tərəfindən müəyyən edilmiş gündəliyi və müzakirə üçün seçilmiş mövzular öz aktuallığı ilə diqqəti cəlb edib. “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” adı altında keçirilən nazirlər görüşündə Prezident İlham Əliyevin çıxışı, problemlərə qətiyyətli mövqe sərgiləməsi beynəlxalq medianın diqqət mərkəzində oldu”.
Deputat Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT Təhlükəsizlik Şurasında təmsil olunmasının zəruriliyi, inkişaf etməkdə olan Afrika, Latın Amerikası, Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələrinə beynəlxalq səviyyədə dəstək göstərilməsinin vacibdliyinin bu toplantıda önə çəkildiyini söyləyib: “Eyni zamanda beynəlxalq siyasətdə ikili standartlardan imtina edilməsi, neokolonializmin hər cür təzahürünün aradan qaldırılması kimi məsələlərin zəruriliyi vurğulanıb. Bu mənada Prezident İlham Əliyev üzv dövlətləri öz səylərini birləşdirməyə səsləyib. Ölkə başçısının BMT Təhlükəsizlik Şurasının üzvü Fransanın misalında güc sahibi olan dövlətlərin hələ də digər xalqları öz asılılığında saxlamaq, onların təbii resurslarını talamaq və fundamental haqlarını əlindən almaq cəhdlərini qətiyyətlə pislədi. Prezident Fransanın vaxtilə müstəmləkə ölkələrində apardığı soyqırımı cinayətlərinə görə zərərçəkmiş xalqlardan üzr istəməyə və xalqların azadlıq, müstəqillik arzusuna qarşı hərəkətlərdən çəkinməyə çağırıb”.
Millət vəkili Prezident İlham Əliyev Fransanın timsalında dünyada neokolonializm meyillərinin artmasından bəhs etdiyini bildirib: “Fransa neokolonializmi hələ də davam etdirən, müstəqil dövlətlərin daxili işlərinə kobud surətdə qarışan ölkədir. Eyni zamanda bu ölkə ənənəvi vərdişlərindən hələ də əl çəkmir. Sözsüz ki, Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına və azadlıqlarına hörmət etmir. Bu ölkə müstəmləkə keçmişinə, qanlı cinayətlərinə, soyqırım aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir. Amma bunun fonunda Fransa hətta Korsika dilinə qadağa qoyur. Əli qanlı cinmayətlərə batmış Fransa etnik azlıqlar konsepsiyasını qəbul etmir. Bundan da irəli gedərək özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərir. Fakt odur ki, Fransa Azərbaycan torpaqlarında münaqişə yaranan gündən erməni separatizmini açıq dəstəkləyən ölkədir. Çünki Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləməklə geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da mənfur təcrübəni tətbiq etməyə can atır”.
Aqil Məmmədov vurğulayıb ki, Fransa başqa dövlətlərin daxili işlərinə qarışmaqdansa özünün problemləri ilə məşğul olmalıdır: “Çünki bu gün Fransanın Azərbaycanla bağlı məkrli planları fiaskoya uğrayıb. Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində işğaldan azad edilən ərazilərimizdə yenidənqurma işləri planlı şəkildə həyata keçirilir. Bu mənada Qoşulmama Hərəkatının ədalətli mövqeyində qətiyyətlilik nümayiş etdirməsi, ikili standartlara son qoyulması baxımından mühüm əhəmiyyətə malikdir. Qoşulmama Hərəkatına üzv olan ölkələr işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyinə dəstək verib. 2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələri BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısının alınmasında qətiyyət göstəriblər”.