2023-cü il iyunun 28-də Fransanın Nanter şəhərində 17 yaşlı əlcəzairli taksi sürücüsünün polis əməkdaşı tərəfindən güllələnərək öldürülmıəsi dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Çünki Fransa dövlətinin son davranışları onun daxilində olan proseslərə marağı artırıb. Fransa az qala özünü dünyada demokratiyanın tərənnümçüsü kimi aparmağa çalışsa da əsl reallıq fərqlidir. Bu ölkənin Azərbaycanla və Türkiyə ilə bağlı davranışları isə riyakarlıq üzərində qurulub.
Bunu Siyasətinfoya Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri, iqtisadçı ekspert Səkinə Babayeva deyib.
O qeyd edib ki, Fransa bu gün Azərbaycana öz əraziləri daxilində olan məsələlərə görə təzyiqlər etməyə çalışır: “Amma son olaylardan bütün dünya ictimaiyyəti bildi ki, Fransada insanların fundamental hüquqları qorunmur. Polis yolun ortasında atəş açıb qeyri-avropalı bir gənci qətlə yetirir. Eyni zamanda Parisdə bu olayları işıqlandıran mediyaya Azərbaycan Dövlət Televiziyasının əməkdaşlarına hücum olur. Onların kameraları əllərindən alınır. Amma Fransa hökuməti bununla bağlı heç nə etmək istəmir”.
AQSİA sədrinə görə, bu hal Fransada milli azlıqların hüquqlarına və təhlükəsizliyinə biganə münasibətin olmasından qaynaqlanır: “Bu eyni zamanda qeyri millətlərdən olan şəxslərə qarşı etinasızlıq, ksenofobiya və dini dözümsüzlüyün dərin kök salmasına dair faktların təsdiqidir. Günahsız gəncin öldürülməsi səbəbindən Parisdə və digər şəhərlərdə başlanan kütləvi etiraz aksiyaları və iğtişaşların bu ölkədə adi hala çevrilmiş qeyri-mütənasib polis zorakılığının, qanunsuzluğun və ayrı-seçkiliyin doğurduğu uçurumun, geniş əhali kütlələrinin hökumətə etimadsızlığının nə qədər dərin olduğunu göstərir”.
Səkinə Babayeva son günlər Daşnaksütun partiyasının və erməni lobbisinin Fransada olan nümayəndələrinin Prezident Emmanuel Makronla görüşü və bu görüşdə dövlət başçısının səsləndirdiyi bəzi fikirlər də indiki həssas dönəmdə böyük ikrah hissi yaradıb: “Azərbaycan dövləti haqlı olaraq rəsmi Parisdən Emmanuel Makronun adından verilən bu fikirlərin ya təsdiq, ya da təkzib olunmasını gözləyir. Təsdiq edildiyi təqdirdə rəsmi Bakı tərəfindən diplomatik müstəvidə müvafiq addımların atılacağı istisna deyil. Bununla bağlı Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb və ondan bu məsələlərlə bağlı açıqlamalara aydınlıq gətirilməsi tələb edilib”.
Qeyd edək ki, E.Makron Daşnaksütun və erməni lobbisinin nümayəndələri ilə Fransada görüşüb. Onların mediaya açıqlamalarında Emmanuel Makrona istinadən Kişinyov görüşündən dərhal sonra Fransa Prezidentinin onlara zəng etdiyi, Azərbaycan Prezidentinə təzyiq göstərdiyi və göstərəcəyi, Qarabağ məsələsində Paşinyandan daha fəal olduğu, bu fəallığını daha da artıracağını və s. kimi fikirlər səsləndiriblər.