1993-cü ilin 15 iyun Milli Qurtuluş günü xalqımızın və dövlətimizin tarixinin ən əhəmiyyətli tarixi hadisələrindən biridir. Məhz bu kontekstdən Qurtuluş Gününü Azərbaycan xalqı böyük coşqu hissi ilə qeyd edir. 30 il öncə xalqımız tarixinin ağrılı günlərini yaşayırdı, yenicə müstəqilliyinin bərpa etmiş Azərbaycanda dərin böhran keçirirdi. Həmin dövr hakimiyyətdə olan qüvvələr isə ölkəni düşmüş olduğu ağır durumdan çıxarmaq bacarığına malik deyildi. Çünki bu qüvvələrin dövlətçilik təcrübəsi yox idi. Bir tərəfdən isə Ermənistanın işğalçılıq siyasəti Azərbaycanda mürəkkəb vəziyyəti daha da dərinləşdirmişdi. Bütün bunların nəticəsində cəmiyyət sarsıntı içində idi. Xalqın sabaha olan ümidləri puç olmuşdu. 1992-ci ilin mayında Şuşa və Laçının işğala məruz qalması, eyni zamanda, həmin faciəli hadisələrdən az sonra hakimiyyətə gələn yeni iqtidarın ölkəni idarə etmək gücündə olmaması mövcud şəraiti daha da ağırlaşdırmışdı. Məhz bu qüvvələrin hakimiyyəti zəbt etməsi və xayənətləri ucbatından 1993-cü ilin aprel ayında Kəlbəcər Ermənistan tərəfindən işgal edilmişdi.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
O qeyd edib ki, o dövr ölkə daxilində siyasi böhran, xaosun hökm sürməsi Azərbaycanı ciddi təhlükələrə sürükləyirdi: “AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməlləri, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması və bütün bunlar ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratmışdı. Azərbaycan bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Amma bu çətin dövrdə xalq özünün nicat və xilas yolunu ümummilli lider Heydər Əliyevin simasında görürdü. Cəmiyyətimizdə böyük nüfuz sahibi olan ziyalılar, ictimai-siyasi xadimlər ulu öndər Heydər Əliyevin ətrafında birləşərək Onun Azərbaycanı xilas edəcəyinə ümidləri böyük idi. Çünki Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dönəmində yəni, keçmiş Sovet İttifaqının müttəfiq respublikaları arasında Azərbaycanı bütün göstəricilərə görə ilk sıralarda qərarlaşdırması kimi tarixi xidmətləri unutmamışdı. Məhz o dövrlər Azərbaycan donor respublika səviyyəsinə yüksəlmiş, sənaye və kənd təsərrüfatı sahələrində möhtəşəm uğurlar əldə edilmişdi. Bütün bunlarla bərabər, Heydər Əliyevin qətiyyəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparması da bu dahi şəxsiyyətə xalq sevgisi qazandırmışdı. Sözsüz ki, ulu öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti dövrü də heç bir vaxt yaddan çıxmayacaq. Həmin vaxt Naxçıvan həm Ermənistanın, həm də ovaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Muxtar respublika blokada şəraitində yaşayırdı. Belə bir mühitdə-sosial problemlərin ağırlığı altında əhali Heydər Əliyev amilini nəzərə alıb bütün çətinliklərə sinə gərirdi. Digər tərəfdən, erməni faşizmi də muxtar respublikada öz istəklərinə nail ola bilmirdi. Halbuki Qarabağdan sonra onların növbəti hücum hədəfi Naxçıvan idi. Lakin buna baxmayaraq, dahi şəxsiyyətin rəhbərliyi ilə əhali Naxçıvanı qoruya bildi”.
Millət vəkili 1993-cü il iyunun 9-da Umummilli Lider Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Naxçıvandan Bakıya gəldiyini bildirib: “Bununla da Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi. Ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı. Bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını alındı. Ulu öndər Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı hesab edilir. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. Ümummilli lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu”.
Professor bildirib ki, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail olundu: “Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Belə ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən-qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı, uğurlu dövlət quruculuğu prosesinin əsası qoyuldu. Dövlət quruculuğu prosesi fonunda müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi vacib qərarlar qəbul edildi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin və dünya iqtisadi sisteminə inteqrasiyasının möhkəm təməli qoyulmuş oldu. “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr verən bir ölkə kimi nüfuzunu artırdı. Sözsüz ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional xarici siyasət strategiyasının mühüm prioritetlərindən birini də keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi idi. Ulu öndər Heydər Əliyevin əhəmiyyətli səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmağa başlandı. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik, çoxvektorlu və rasional xarici siyasət kursu ölkəmizin dostlarının və tərəfdaşlarının sayını artırdı, Azərbaycan nüfuzlu dövlətə çevrildi. Əminliklə söyləmək olar ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi xarakterizə olunur: “Bu gün Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi qəbul edilir. Sözsüz ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi Azərbaycanı indiki səviyyəyə yüksəldib. Məhz bunun nəticəsidirki, Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşıdır. Ulu Öndər Heydər Əliyevin müəyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etdi. Ərazi bütövlüyümüz bərpa olundu. Prezident İlham Əliyev bununla ATA vəsiyyətini yerinə yetirdi, tarixi torpaqlarımızı Qarabağımızın tacı olan Şuşanı azad etdi”.
Eldar Quliyev bu gün ölkəmizin qarşısında dayanan əsas vəzifəmizin işğaldan azad edilmiş ərazilərimizin bərpası və insanların öz doğma yurdlarına qayıtmasının təmin edilməsi olduğunu söyləyib: “Prezident, Müzəffər Ali Baş Komandan azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyması, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirməsi bunun bariz nümunəsidir. Sözsüz ki, Prezident İlham Əliyevin rəhbərliyi düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə, cənnət-məkana çevriləcək”.