Azərbaycanı yox olmaqdan, tarix səhnəsindən silinməkdən, xalqımızın müstəqillik amallarının itirilməsindən xilas etmiş tarixi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevdir. Müdrik, dahi şəxsiyyətin uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycan düşmüş olduğu sınaqlardan üzü ağ çıxdı. Ölkəmiz tarixinin ən qaranlıq dövründən böyük məharətlə xilas edildi. Bu məhz dahi şəxsiyyətin yüksək siyasi bacarığı sayəsində mümkün oldu.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, müstəqilliyinin ilk illərində Azərbaycan dövləti çox böyük çətinliklərlə üzləşmişdi: “Ölkədə mövcud olan xaos və anarxiya dövlətçiliyi yox olmaq, itirilmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Hakimiyyətdə olan AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sistemindəki yarıtmaz fəaliyyəti, bunun fonunda təcüvüzkar Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, torpaqlarımızın itirilməsi Azərbaycan tarixinin ən ağrılı səhifəsi idi. Azərbaycanı düşmüş olduğu bu ağır durumdan yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev xilas edə bilərdi. Xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycan üçün yeni dövrün, dövlətçiliyin xilası oldu. Zəngin dövlətçilik təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyev ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail oldu. O, dövlət quruculuğu prosesində zəruri addımlar atdı. Hüquqi dövlət quruculuğu istiqamətində islahatlar həyata keçirdi. Konstitusiyasının qəbulu, parlament seçkiləri, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, müasir dövlətçilik sisteminin formalaşması, söz və mətbuat azadlığının təmin edilməsi kimi vacib addımlar atıldı. Ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqları təmin olunması üçüun zəruri işlər görüldü. Azərbaycançılıq ideologiyası, özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mühüm faktor oldu”.
Deputat bildirib ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın iqtisadi müstəqilliyinin və dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu: “Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr verməyə başladı. Ölkəmiz strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artırmağa nail oldu. Azərbaycan regional, qlobal xarakterli strateji layihələrin təşəbbüskarına çevrildi. Sözsüz ki, Ulu Öndər Heydər Əliyevin siyasi strategiyasının hədəfində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli dayanmışdı. Ümummilli liderin əhəmiyyətli addımları, misilsiz əməyi nəticəsində bu problemin həllinə hesablanan məqsədyönlü, sistemli və davamlı addımlar atıldı. Ulu öndər Heydər Əliyev dünya dövlətlərini münaqişəyə ədalətli yanaşma sərgilənməsi üçün mühüm çağırışlar edirdi. Ümummilli Lider Heydər Əliyev siyasətinin uğurlu davamçısı, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bu strategiya böyük əzmlə həyata keçirilir. Bu günki qalib və qüdrətli Azərbaycanın regional və qlobal miqyasda aparıcı mövqeyə yüksəlməsi məhz uğurlu strategiyanın nəticəsində mümkün olub”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Ulu Öndər siyasi strategiyasının ən layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 30 illik erməni işğalına 44 günlük zəfər yürüşü ilə son qoydu: “44 günlük Vətən müharibəsində torpaqlarımız azad edildi. 30 illik erməni işğalı sona çatdı. Azərbaycan özünün dünya birliyi tərəfindən tanınan, qəbul edilən ərazi bütövlüyünün bərpasına nail oldu. Bu həm də, Prezident İlham Əliyevin ATA vəsiyyətini yerinə yetirməsi demək idi. Çünki, Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək olub. Bu gün isə Azərbaycan qalibdir, ərazi bütövlüyümüz bərpa edilib. İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işləri icra edilir. Böyük Qayıdış proqramı həyata keçirilir. Ulu Öndərin azruladığı, görmək istədiyi Azərbaycan bu gün Onun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən regional və qlobal miqyasda söz sahibinə çevilib”.