Müstəqilliyinin ilk illərində Azərbaycan dövləti çox böyük çətinliklərlə üzləşmişdi. Ölkədə mövcud olan xaos və anarxiya dövlətçiliyi yox olmaq, itirilmək təhlükəsi ilə üz- üzə qoymuşdu. Hakimiyyətdə olan AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, silahlı dəstələr, separatçılıq meyillərinin baş qaldırması fonunda Ermənistanın torpaqlarımıza qarşı təcavüzü Azərbaycan dövlətçiliyinin ən ağrılı dövrü hesab edilir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, Azərbaycanı düşmüş olduğu bu ağır durumdan yalnız böyük dövlət xadimi, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev xilas edə bilərdi: “Xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycan üçün yeni dövrün, dövlətçiliyinin xilası oldu. Məhz böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması kimi tarixi məsuliyyətli missiyanı öz üzərinə götürdü. Zəngin dövlətçilik təcrübəsinə malik olan Ulu Öndər Heydər Əliyev ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail oldu. O, dövlət quruculuğu prosesi fonunda müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, parlament seçkilərinin keçirilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza formalaşdırıldı. Ölkədə söz və mətbuat azadlığı təmin edildi. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı. İnsan və vətəndaş hüquq və azadlıqları təmin olundu”.
Deputat hesab edir ki, azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mühüm faktor oldu: “Ulu öndər Heydər Əliyev qətiyyətli siyasəti nəticəsində Azərbaycanı müstəqil ölkəyə çevirdi, müstəqilliyimiz daimi və dönməz oldu. Eyni zamanda həyata keçirilən praqmatik xarici siyasət nəticəsində Azərbaycan nüfuzlu dövlətə çevrildi. Azərbaycanın dostlarının və tərəfdaşlarının sayı artdı. Xarici siyasət kursunun mühüm istiqamətlərindən olan enerji resurslarından səmərəli istifadə olunması və bu kontekstdə Azərbaycanın etibarlı strateji tərəfdaşa çevrilməsi təşkil edildi. 1994-cü il sentyabrın 20-də Bakıda 11 iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adlanan beynəlxalq saziş imzalandı. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin və dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. “Əsrin müqaviləsi”ndən başlanan enerji siyasəti Azərbaycanın regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təminatına müstəsna töhfələr bəxş etməsini şərtləndirdi. Bunun fonunda Azərbaycanın etibarlı strateji tərəfdaş kimi ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin səmərəlilik səviyyəsini artmış oldu. Azərbaycan regional, qlobal xarakterli strateji layihələrin təşəbbüskarına çevrildi”.
Millət vəkili deyib ki, Ulu öndər Heydər Əliyevin siyasi strategiyasının bütün hədəflərində məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli var idi: “Ümummilli liderin əhəmiyyətli səyləri və gərgin əməyi sayəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı. Münaqişənin ATƏT çərçivəsində həll edilməsi üçün təşkil edilən Minsk qrupunda, həmçinin bir sıra zirvə toplantılarında məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Ulu öndər Heydər Əliyev dünya dövlətlərini münaqişəyə yanaşmada diqqətli olmağa və məsələnin tezliklə beynəlxalq hüquq normalarına müvafiq surətdə həll edilməsi işində yaxından iştirak etməyə çağırırdı. Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində məhz bu gün qalib və qüdrətli Azərbaycan regional və qlobal miqyasda aparıcı mövqeyə sahibdir”.
Aqil Məmmədov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi strategiyanın ən layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz 30 ilə yaxın erməni işğal altında olan torpaqlarımızın azadlığına nail oldu: “44 günlük Vətən müharibəsində torpaqlarımızın azad etməsi, ərazi bütövlüyümüzün bərpasına nail olunması tarixi zəfər idi. Bu həm də, Prezident İlham Əliyevin ATA vəsiyyətini yerinə yetirməsi deməkdir. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. O hər zaman keçmiş məcburi köçkünlər qarşısında çıxışlarında bildirirdi ki, “Biz mütləq tarixi torpaqlarımıza qayıdacayıq”. Bu gün isə Azərbaycan qalibdir, ərazi bütövlüyümüz bərpa edilib. İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işləri icra edilir. Ulu Öndərin həyata keçirdiyi uğurlu siyasi strategiya bu gün Azərbaycan dövlətinin müstəqilliyini, ərazi bütövlüyünü, onun dünya birliyi üçün ən etibarlı tərəfdaş olduğunu şərtləndirib. Qalib, Müzəffər Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin dünənimiz, bu günümüz və gələcəyimiz üçün müəyyənləşdirdiyi uğur strategiyasına sadiqdir. Xalqımız hər zaman Ulu Öndərin əziz xatirəsini böyük ehtiram və sevgi ilə yad edir”.