İki il öncə, ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisəyə şahid olduq. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Zəfər paradında 3000 Azərbaycan və Türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi, qürurverici hadisə kimi qalacaq. Zəfər bayramı münasibətilə keçiriliən paradda Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yanaşı, Vətən Müharibəsində Azərbaycana maddi və mənəvi dəstəyini hər zaman hiss etdiyimiz Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi bir daha “bir millət, iki dövlət” fikrini təsdiqlədi.
Ali Baş Komandan İlham Əliyev paradda qeyd edib ki, “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.”
Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir.
Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Azərbaycan Ordusunun darmadağın etdiyi Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.
44 günlük müharibənin hər günü şanlı tariximiz olaraq yaddaşımıza həkk olundu. Bəli, hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.
Bu gün biz qürur hiss ilə qeyd edirik ki, Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu Vətənpərvərliyin və əsgər andına sadiqliyin bariz nümünəsi idi.
Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Azərbaycanın şanlı Ordusu düşməni diz çökdürdü. Məğlubiyyət ermənilər üçün qaçılmaz idi. Ermənistan eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə 10 mindən çox fərarisi olub.
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Qələbənin əbədiləşdirilməsi naminə Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.
Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən insanlığa sığmayan əməllərini davam etdirərək mülki əhaliyə qarşı hərbi cinayətlər törədib.
Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla və kasetli bombalarla atəşə tutulmuşdu. Namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub.
Ermənistan tərəfinin mülki obyektləri və insanları hədəfə alması insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin, o cümlədən müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair Cenevrə Konvensiyasının tələblərinin kobud pozuntusudur.
Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır. 1990-cı illərin əvvəllərində isə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu.
2020-ci ildə aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi, ilk çağırışla 15 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribat nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, 27 sentyabr tarixində isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si ölkə Prezidenti, Ali Baş Komandanın ətrafında birləşmiş və birgə dəstək bəyanatı imzalamışlar. Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir.
2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb!
Müharibə dövründə xalqımız dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirərək, Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Cənab Prezident İlham Əliyevin ətrafında birləşmişdir.
Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində böyük işlər aparılmışdır və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır. Məqsədyönlü səylər nəticəsində münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırılıb.
Sonda Müzəffər Ali Baş Komandan İlham Əliyev cənabları başda olmaqla bütün Azərbaycan xalqını qazanılan böyük qələbəmiz münasibəti ilə təbrik edirəm. Bu zəfərin əldə edilməsində fədakarlıq göstərən bütün əsgər və zabitlərimizə fəaliyyətlərində uğurlar arzulayır, yaralanmış hərbçilərimizə şəfa, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların hər biri Azərbaycanımızın fəxrləridir, biz onların və valideynlərinin qarşısında baş əyirik. Şəhidlərimizin xatirələri daim, tarix boyu hər bir azərbaycanlının qəlbində əziz olaraq tutulacaq. Bu gün Qarabağda, Şərqi Zəngəzurda nəhəng tikinti-quruculuq işləri aparılır. Artıq bu tarixi, əbədi ərazilərimizdə yeni həyat başlayır, Böyük Qayıdış başlanıb. Aydındır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, ədalətli və ləyaqətli mübarizəsini qəbul etməyən bəzi revanşist qüvvələr sülh və normalaşma prosesinə maneə olmaq, əngəl yaratmaq istəsə də onlar öz niyyətlərinə çata bilməyəcəklər. Məğlub edilmiş ölkə hər hansı iddia edə bilməz. Özü də Ermənistan kimi 30 ilə yaxın işğalçılıq siyasəti nəticəsində humanitar, ekoloji fəlakət törədən, şəhər və kəndlərimizi talan edən, tarixi-dini-mədəni irsimizi məhv edən bir terrorçu ölkə belə apara bilməz. Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməli və Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Azərbaycan öz tarixi Qələbəsi ilə yeni reallıq yaratmışdır. Və hər kəs bu reallığı qəbul etməlidir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Biz inanırıq ki, Müzəffər Ali Baş Komandan, qətiyyətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bütün çətinlikləri aradan qaldıracağıq. Xalqımızın birliyi, ordumuzun gücü bunu 44 gün davam edən Vətən Müharibəsində bunu sübut etmişdir.
Qarabağ Azərbaycandır!, Gücümüz Birlikdədir!
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova