06-09 dekabr tarixlərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Büro və Daimi komitəsinin, QDİƏT Baş Assambleyasının iclaslarında iştirak etmək üçün Azərbaycan parlamentinin bir qrup deputatı Serbiyanın paytaxtı Belqrad şəhərində səfərdə olub.
Siyasetinfo xəbər verir ki, Albaniya, Azərbaycan, Serbiya, Türkiyə, Rusiya, Bolqarıstan, Gürcüstan, Moldova Respublikası, Şimali Makedoniya, Rumıniya və s. digər dövlətlərin parlament nümayəndə heyətlərinin qatıldığı iclaslarda “Geniş Qara dəniz regionunda iqtisadi inkişafın stimullaşdırılmasında parlamentlərin və parlamentlərarası əməkdaşlığın rolu” mövzusunda müzakirələr aparılıb. Həmçinin QDİƏT Parlament Məclisinin Azərbaycan nümayəndə heyətinin “QDİƏT üzv ölkələrdə qaçqın böhranının sosial təsirləri” mövzusunda hesabatı qəbul olunub.
İclasın sonunda QDİƏT-in sədrliyi Türkiyə Böyük Millət Məclisinə keçdi. QDİƏT-in sədri, Serbiya Parlamentinin Sədri Vladimir Orliç, QDİƏT sədrliyini Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa təhvil verdi. M.Sentop öz növbəsində bütün iştirakçıları 2023-cü ilin may ayında Türkiyədə keçiriləcək növbəti QDİƏT Baş Assambleyasına dəvət etdi.
Qeyd edək ki, dekabrın 7-də QDİƏT Parlament Məclisinin Azərbaycan nümayəndə heyəti olaraq Belqrad şəhərindəki Taşmaydan parkında Ulu Öndərimiz Heydər Əliyevin abidəsini ziyarət edib.