İranın öz qonşuluğunda güclü, qalib Azərbaycanın olmasından narahatlığı başadüşülən deyil. Özünü İslam dəyərlərinin qoruyucusu adlandıran Tehran rejimi müsəlman ölkəsi Azərbaycanla əlaqələrdən daha çox faydalana bilərdi. Amma Molla rejimi hər addımda Azərbaycandan özünə qarşı nəsə bir təhlükə görürmüş kimi davranır. Açığı Tehran respublikasının bu ürkəkliyi anlaşılan bir hal deyil.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, İran hər zaman işğalçı, müsəlmanlara qarşı terror törətmiş, soyqırım aktları icra etmiş Ermənistanın yanında yer alıb: “Bu özünü müsəlman sayan dövlətin malik olduğu dəyərlərə zidd bir yanaşmadır. Ona görə də, bu gün Tehran rejiminin Ermənistanla bağlı atmış olduğu addımlar heç də təəcüblə qarşılanmır. Özünü İslam dövləti adlandıran bir ölkənin bu cür “davranışları” heç bir məntiqə sığmır. Molla rejiminin Ermənistanı silahlandırması, imzaladıqları silah sövdələşməsi onun Azərbaycana qarşı növbəti riyakarlğı hesab edilir”. Deputat bildirib ki, Molla rejimi hər zaman Ermənistana dəstək olub: “Ermənistanın ərazi bütövlüyünü özünün “qırmızı xətti” adlandıran Tehran respublikası müsəlmanların qanına susamış, İslam dəyərlərini təhqir etmiş, barbacasına dağıtmış bir ölkəyə qucaq açıb, onu dəstəkləyib. Görünür Azərbaycanın öz torpaqlarını azad etməsi Tehran rejiminin planlarını puç edib. İran bu ərazilərdən münbit narkotik və silah qaçaqmalçılığı marşrutu kimi istifadə edirdi. İranın Ermənistana hədiyyə etdiyi raketlərin İrəvanın hansı dövlətə qarşı istifadə edəcəyi ilə bağlı sirr mövcud deyil. Fakt odur ki, İslam dövləti terrorçu, müsəlmanlara qarşı soyqırım etmiş Ermənistanı müsəlman Azərbaycana qarşı silahlandırır. Bu yalnız terrora açıq dəstək kimi başa düşülə bilər”.