Azərbaycan və Türkiyə arasında bağlanmış “Hərbi sahədə əməkdaşlıq haqqında” sazişə əsasən, iki qardaş ölkə arasında birgə təlimlər keçirilir. Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlimlər Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Dünya növbəti dəfə Azərbaycan Türkiyə qardaşlığına və gücünə şahidlik edir. Bu cür təlimlər regional təhlükəsizliyin təmin olunması baxımından böyük rol oynamaqla yanaşı hər iki ölkənin hərbi gücünə əlavə güc qatır.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
O qeyd edib ki, bu cür təlimlərin keçirilməsi sərhəddə təxribatlar törətməyə və bizi guya qorxutmağa çalışanlara verilmiş böyük mesaj və cavabdır: “Heç kəs unutmamalıdır ki, sarsılmaz köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı əbədidir və iki qardaş ölkə hər zaman bir-birinin yanındadırlar”.
Deputatın fikrincə, illərin sınağından çıxmış və dünyada əsl dostluq, qardaşlıq nümunələri və etalonu yaradan Azərbaycan-Türkiyə dövlətləri arasındakı əlaqələr müttəfiqlik münasibətlərinə əsaslanır: “Bu münasibətlər bütün sahələr üzrə daima yüksələn xətlə inkişaf etməkdədir. İki ölkə arasındakı əlaqələrin sürətli şəkildə inkişaf edərək ali müttəfiqlik formasına qədər yüksəlməsi hər iki ölkənin liderləri Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın böyük siyasi və liderlik bacarığının, uzaqgörən siyasətinin nəticəsidir. Tanrı Xalqlarımızı və ölkə Liderlərimiz cənab İlham Əliyevi və cənab Rəcəb Tayyib Ərdoğanı qorusun! Düşmənə göz dağı olan dostluğumuz və qardaşlığımız əbədidir”.