44 günlük tarixi Zəfərdən sonra işğaldan azad edilən ərazilərimizdə böyük quruculuq bərpa işlərinə start verilib. Lakin Ermənistanın 30 ilə yaxın bu ərazilərdə basdırmış olduğu minalar hələ də insanlıq üçün böyük faciə hesab edilir. Çünki mina təhlükəsi ərazinin qısa zamanda bərpasına, yerləşməyə və digər zəruri infrastrukturun formalaşmasına başlıca əngəldir. Azərbaycan dövləti qardaş Türkiyənin dəstəyi ilə ərazilərin minalardan təmizlənməsini həyata keçirir. Sadəcə olaraq ərazi həddən artıq minalarla çirkli olduğuna görə bu işi qısa zamanda icra etmək çətinliklər yaradır.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizin minalanması səbəbi ilə müharibədən sonra da itkilərimiz olub: “10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatından sonra ermənilərin mina terroru nəticəsində indiyədək 102 mülki vətəndaş minaya düşüb, onlardan 32 nəfər həlak olub. Eyni zamanda 124 hərbçi minaya düşüb, onlardan 7-si həyatını itirib, 117-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
Deputat bildirib ki, 1999-cu ildən beynəlxalq hüquqi qüvvəyə malik Ottava Konvensiyası piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edir: “Həmçinin konvensiyaya görə, əraziləri minalamış tərəf müharibə bitdikdən sonra dəqiq hazırlanmış mina xəritəsini qarşı tərəfə verməyə borcludur. Vətən müharibəsindən sonra mina xəritələrinin verilməsi beynəlxalq platformalarda dəfələrlə müzakirə olunsa da, Ermənistan buna məhəl qoymayıb. Bir çox təzyiqlərdən sonra məğlub ölkə mina xəritələrini ölkəmizə təqdim etsə də verilən xəritələr tam olmamaqla yanaşı, dəqiqliyi cəmi 25 faiz təşkil edib”.
Cavid Osmanova görə, ermənilər Birinci Qarabağ müharibəsindən sonra minaları basdırmağa başlayıb: “Son olaraq verilən məlumatlarda Laçın rayonunun şərq hissəsində, Sarıbaba yüksəkliyinin şimal-qərb istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib. Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının bölmələri tərəfindən ərazinin kəşfi aparılıb. Aşkar edilmiş minalar xüsusi hazırlıq keçmiş istehkam qrupu tərəfindən zərərsizləşdirilib. Minalanmış sahədən ümumilikdə 991 ədəd PMN-E növlü piyada əleyhinə mina çıxarılaraq daşınıb. Bu minaların hamısı Vətən müharibəsindən sonra yəni, 2021-ci ildə Ermənistanda istehsal olunub”.