“Azərbaycan öz ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə heç zaman imkan verməyib”.
Siyasetinfo xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib.
“Bunun əksinə, son zamanlar İran ərazisindən Azərbaycana qarşı təhdidlər səsləndirilir və təxribatlara yol verilir. Bunlara misal olaraq, Azərbaycanın sərhədləri boyu İran tərəfindən hərbi təlimlərin keçirilməsini, sərhəd üzərindən hərbi uçuşların həyata keçirilməsini, İranın vəzifəli şəxsləri tərəfindən anti-Azərbaycan bəyanatlarının verilməsini, SEPAH kimi İranın təhlükəsizlik strukturları tərəfindən hətta uşaqları cəlb etməklə və Xudafərin körpüsünün yanında Azərbaycan əleyhinə təhdid dolu video çarxların çəkilməsi və nümayişini, Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunu, Milli Məclisin üzvü Fazil Mustafaya qarşı həyata keçirilmiş terror aktının istintaqının ilkin izlərinin İrana dəlalət etməsini qeyd etmək olar”, – XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, fevralın 28-də Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib. Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilən deputat iki dəfə əməliyyat olunub. Faktla bağlı prokurorluq tərəfindən cinayət işi açılıb, istintaq tədbirləri aparılır.