
Martın 9-da Bakıda Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə növbəti beynəlxalq forum keçirilib. Artıq uzun illərdən bəri paytaxtımızda keçirilən belə beynəlxalq tədbirlərin, eləcə də Bakı Forumunun keçirilməsi ənənəyə çevrilib. Bu mənada Bakı Forumunda dünyada ildən-ilə baş verən daha dərin köklü dəyişikliklər, mürəkkəbləşən geosiyasi proseslərlə bağlı irəli sürülən fikir və yanaşmaların müzakirəsi böyük əhəmiyyətə malikdir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev bu cür tədbirlərin təmsilçilik səviyyəsinin, intellektual potensialının aparıcı beynəlxalq konfranslara adekvat olduğunu vurğuladı: “Forumda 60 ölkədən 350-dən çox tanınmış iştirakçının olması, onlardan isə 50 nəfərdən çoxunun hazırkı və sabiq prezident, baş nazir statusunda təmsilçiliyi öz-özlüyündə bu tədbirin hansı səviyyədə olmasını bir daha sübut edir. Bu eyni zamanda Bakı Forumunda yüksək səviyyəli müzakirələrin keçiriləcəyinin əlaməti hesab edilir. Xüsusilə müasir beynəlxalq münasibətlər sistemində baş verən köklü dəyişikliklər fonunda yeni yanaşmaların irəli sürülməsi zərurəti Foruma olan diqqəti daha da artıran amillərdən sayılmalıdır. Məhz bu baxımdan Prezident İlham Əliyev Forumda müzakirə edilən panellərdən birinin multilateralizmə həsr olunmasına xüsusi diqqət ayıraraq bir sıra mühüm tezislər irəli sürdü. Vurğuladı ki, Azərbaycan böyük ənənələrə sahib, lakin müəyyən dövr ərzində bir az passiv fəaliyyət göstərən Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməklə ona çeviklik, innovativlik və dinamika verməyə çalışdı, bu istiqamətdə mühüm addımlar atdı. Azərbaycanın Qoşulmama Hərəkatına Sədrliyi dünyanı bürüyən pandemiya dövrünə təsadüf etdiyindən ölkəmizdən daha çevik hərəkətlilik tələb edib. Amma buna baxmayaraq ölkəmiz bu ağır işin öhdəsindən gəlməyi bacarıb. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, ölkəmiz Qoşulmama Hərəkatının üç Zirvə görüşünü keçirdi. Mətbuatdan da qeyd edildiyi kimi Zirvə görüşlərindən biri pandemiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuşdu. Eyni zamanda Azərbaycan Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olub. Beləliklə, 2020-ci ilin dekabrında həmin mühüm tədbir təşkil edilib”.
Deputat bildirib ki, bu vacib tədbirlərlə Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı pandemiyaya qarşı beynəlxalq səylərin birləşdirilməsinə mühüm töhfə verib: “Prezident İlham Əliyev, həmçinin dünyanın pandemiyaya qarşı qlobal mübarizənin təşkili prosesində növbəti ciddi problemlərlə üz-üzə qaldığını diqqətə çatdırıb. Ölkəmizin başçısı bildirib ki, “peyvənd millətçiliyi” məsələsi, peyvəndlərin qeyri-bərabər və ədalətsiz bölgüsü ilə bağlı problem idi. Bu məsələlərin həlli istiqamətində beynəlxalq müstəvidə səsimizi ucaltdıq və ədaləti müdafiə etdik. Pandemiyaya qarşı mübarizə çərçivəsində əksəriyyəti Qoşulmama Hərəkatına üzv 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərdik. Ümumdünya Səhiyyə Təşkilatına eyni məqsədlə 10 milyon ABŞ dolları həcmində birbaşa ianə yardımı ayırdıq. Biz fəal çalışaraq pandemiya ilə mübarizə sahəsində məlumat bazasının yaradılmasına nail olduq ki, daha sonra o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi”. Azərbaycan həmçinin Qoşulmama Hərəkatının institusional inkişafı prosesinə də ciddi töhfələr verib. Qoşulmama Hərəkatının 60 illik tarixində ilk dəfə olaraq Azərbaycanın təşəbbüsü ilə Parlament və Gənclər Şəbəkəsi təsis edildi və onun katibliyi Bakıda yerləşir. Sözsüz ki, X Qlobal Bakı Forumunda xüsusi olaraq toxunulan məsələlərdən biri də münaqişələrin həlli ilə bağlı olub. Bu xüsusda dövlətimizin başçısı Ermənistana və beynəlxalq ictimaiyyətə bir sıra mühüm ideya və baxışlarını çatdırıb. Münaqişələrin həlli prosesinə diqqəti cəlb edib. Bu xüsusda Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin timsalında konkret fikir, mülahizə və yanaşmalarını səsləndirib. Qeyd edib ki, bu münaqişəni dinc yolla həll etmək mümkün olmadı, səbəbi də bəllidir. ATƏT-in Minsk qrupu 1992-ci ildən münaqişənin “dondurulması”na xidmət edən siyasət həyata keçirdi. Ötən illər ərzində bir sıra beynəlxalq təşkilatlar kimi ATƏT-in Minsk Qrupu “Münaqişənin hərbi həlli yoxdur” tezisini əlində bayraq edərək, Ermənistanda arxayınlıq və cəzasızlıq sindromunun formalaşmasına şərait və imkan yaratmışdılar. Nəticədə Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə də qarşı çıxdı, onlara məhəl qoymadı və beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi”.
Millət vəkili hesab edir ki, Prezident İlham Əliyevin Qarabağda yaşayan erməni azlığı ilə bağlı səsləndirdiyi fikirləri də xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Bu baxımdan da Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Ümumilikdə isə yüksək səviyyədə keçirilmiş bu mötəbər forum bir daha Azərbaycanın siyasi, iqtisadi və mədəni cəhətdən təkcə regional deyil, həm də qlobal dialoq məkanına çevrildiyinin göstəricisidir. Bugünədək keçirilən forumlarda dünyanın bir çox tanınmış ictimai-siyasi xadimləri və dövlət rəsmiləri iştirak edib”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Birinci Forumdan başlayaraq bütün forumlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında geniş danışılıb: “Artıq münaqişə başa çatıb. Ona gör də, Dövlətimizin başçısı qarşıda dayanan hədəflər barədə və regionun gələcək inkişaf perspektivləri haqqında fikirlərini səsləndirdi və Cənubi Qafqaz regionu üçün sülh imkanlarının yarandığını bəyan etdi. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, əslində, onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur. Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Bununla yanaşı Forumda yeni dünya nizamına təhdid yaradan amillər, təhlükəsizlik məsələsi və sülhün təmin olunması üçün perspektivlər, bölünmüş dünyada dayanıqlılığın qurulması, onun qlobal sülhə təsiri, qarşıda duran çağırışların həlli yolları, dünyanı sarsıdan münaqişələr, kürəsəl təhdidlər, eyni zamanda iqlim, qida və nüvə təhlükəsizliyi kimi çox aktual məsələlər müzakirə olunub. Postpandemiya dövründə görülməsi vacib olan işlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. X Bakı Forumunda dünyada ilbəil artan qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin, daha geniş miqyaslı miqrasiyanın qarşısının alınması üçün önləyə biləcək tədbirlər də müzakirə mövzusu olubdur. Xüsusi vurğulamaq lazımdır ki, məhz bugün Azərbaycan Prezidentinin beynəlxalq aləmdəki böyük nüfuzu sayəsində ölkəmiz dünyada güclü və etibarlı tərəfdaş kimi tanınır. Bu mənada mübaliğəsiz olaraq Qlobal Bakı Forumu həm Azərbaycan həqiqətlərinin, həm də müasir dövrün çağırışlarının müzakirə olunduğu mühüm platformaya çevrildiyi birmənalıdır”.