Bakıda martın 2-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib. Ölkəmiz Qoşulmama Hərəkatına sədrliyinin uğurla davam etdiyi bir dövrdə təşkilat qlobal miqyasda vacib təşəbbüslərlə çıxış edir. Bu mənada Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının daha aktiv şəkildə regional və qlobal proseslərə təsiri özünü aydın şəkildə göstərir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qoşulmama Hərəkatı olub: “Bu mənada Qoşulmama Hərəkatı beynəlxalq müstəvidə xüsusi rola və çəkiyə malikdir. Sözsüz ki, Hərəkatın institusional inkişafında Azərbaycanın quruma sədrliyinin mühüm əhəmiyyəti var. Azərbaycanın təşkilata sədrliyi dövründə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Gənclər Təşkilatı yaradılıb. Eyni zamanda Təşkilatın daimi katibliyi Bakıda yerləşməsi ilə bağlı qərar qəbul edilib”.
Məlahət İbrahimqızı hesab edir ki, bütün bunlar Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurla həyata keçirildiyinin əyani təzahürüdür: “Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul olunub. Həmin vaxtdan etibarən qurumun fəaliyyətinə öz töhfələrini verib. Bu da Hərəkatda ölkəmizin nüfuzunun artmasını şərtləndirib. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə Görüşündə quruma 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana təqdim edilməsi barədə yekdil qərar qəbul edilib. Qoşulmama Hərəkatı dövlət və hökumət başçılarının 25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş 18-ci Zirvə Görüşündə quruma sədrlik Azərbaycana həvalə olunub”.
Millət vəkili bildirib ki, Azərbaycan təşkilatın sədri kimi öz missiyasını yüksək səviyyədə yerinə yetirir: “Bütövlükdə Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra respublikamızın quruma sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının daha bir parlaq nümunəsidir. Bütün bunlar onu deməyə əsas verir ki. Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi, uğurlu siyasi strategiyası sayəsində Azərbaycanın müstəqil və güclü dövlət kimi dünyada nüfuzu günü-gündən artır. Eyni zamanda ölkəmiz BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrliyi və onun bu günki uğurlu fəaliyyəti ilə açıq bir nümunə və davranış sərgiləmiş olur. Bu isə Azərbaycana olan etimadın, inamın güclənməsinə zəmin yaradan başlıca amillədir”.