Münxen Təhlükəsizlik Konfransında Azərbaycan hər zaman aktiv şəkildə təmsil olunan ölkələrdən biridir. Builki Konfransda Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib ölkə kimi daha fəal formada iştirak edib. Ölkə başçısının Konfransa dəvət olunmuş müxtəlif dövlət və hökumət başçıları, aparıcı şirkət rəhbərləri ilə görüşü olduqca əhəmiyyətli idi. Bu ölkəmizin mövcud münasibətləri daha da dərinləşdirmək və yeni dostlar, tərəfdaşlar qazanması baxımından da effektivdir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O hesab edir ki, ölkəmizin mövqelərinin ifadəsi baxımından Münxen Təhlükəsizlik Konfransı mötəbər platformadır: “Konfransda səsləndirilən fikirlər ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərinin gələcəyini müəyyən edir. Eyni zamanda münasibətlərin inkişafında yeni bir xətt formalaşmış olur. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev hər ilin fevralında təşkil edilən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində önəmli görüşlər keçirir, mövcud reallıqları müzakirə edir. Builki konfransda da Prezident İlham Əliyev bir sıra vacib görüşlər keçirib və əməkdaşlığın müxtəlif sahələr üzrə istiqamətində mümkün imkanlar nəzərdən keçirilib”.
Deputat deyib ki, Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması üçün prinsipial mövqe sərgiləyir: “Sözsüz ki, Avropanın hazırkı həssas dönəmdə enerji təhlükəsizliyində Azərbaycanın rolu olduqca böyükdür. Eyni zamanda Azərbaycan Prezidenti builki konfrans çərçivəsində bir sıra aparıcı təşkilat rəhbərləri, investorlarla vacib görüşlər keçirib. Burada həmçinin işğaldan azad edilmiş ərazilərdə münbit investisiya imkanlarının olduğu da diqqətə çatdırılıb. Bu mənada Azərbaycan Prezidentinin Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer ilə görüşü xüsusi ilə qeyd edilməlidir”.
Millət vəkili Azərbaycanın postmüharibə dövrünün reallıqlarına uyğun təklif və təşəbbüslərinin əhəmiyyətinə toxunub: “Azərbaycanla Ermənistan arasında mümkün sülh müqaviləsinin imzalanması ölkəmizin qarşı tərəfə təqdim etdiyi beş baza prinsipinə əsaslanır. Münxen Təhlükəsizlik Konfransında Azərbaycan bir daha bəyan etdi ki, o öz hərbi-siyasi gücü ilə yeni bir reallıq yaradıb. Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidi mövcud deyil. Həmin ərazilər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxildir. Azərbaycan dövləti II Qarabağ müharibəsindən sonra açıq şəkildə bəyan edib ki, Qarabağda yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyi təmin olunacaq. Bununla bağlı dövlətimizin konkret mövqeyi var. Ermənistanla imzalanacaq sülh müqaviləsinin mətnində isə Qarabağa dair heç bir ifadə yer almayacaq. İmzalanacaq sülh müqaviləsi məhz tarixi reallıqlara əsaslanacaq. Bunu Azərbaycanın qətiyyətli mövqeyi zəruri edir. Ermənistanla aparılacaq delimitasiya və demarkasiya məsələləri də Azərbaycanın tarixi sərhədləri əsasında müəyyənləşəcək”.
Məlahət İbrahimqızı bildirib ki, ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin görüşündə də Laçın-Xankəndi yolu ilə bağlı reallıq aydın şəkildə ifadə edilib: “Dövlətimizin başçısı bir daha vurğulayıb ki, həmin yol hümanitar keçid üçün tam açıqdır. Azərbaycanlı fəallar orada ərazilərimizdə aparılan ekoloji terrora və faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edir. Onların haqlı tələbləri icra edilənə qədər bu aksiyaların davam edəcəyi vurğulanıb. Üç Cənubi Qafqaz ölkəsinin yəni, Azərbaycan, Gürcüstan və Ermənistan liderlərinin qatıldığı panel müzakirələr isə daha çox diqqəti cəlb edib. Panel müzakirələrə qatılmaqdan öncə imtina edən Nikol Paşinyan yekunda iştirakla bağlı qərar verməli olub. Görünür onun 2020-ci ilin fevralında almış olduğu siyasi-diplomatik, tarixi dərs hələ də yaddaşından silinməyib. Bu panel müzakirələrdə də Azərbaycan Prezidenti tərəfindən ölkəmizin mövqeləri ən yüksək səviyyədə müdafiə olundu. Azərbaycanın yaratdığı yeni reallıq bir daha diqqətə çatdırıldı. Bununla yanaşı Cənubi Qafqazın gələcəyinin sülhdən, təhlükəsizlikdən əməkdaşlıqdan asılı olduğu bir daha önə çəkildi. Azərbaycanın bu müstəvidə ortaya qoyduğu mövqenin məhz daimi sülhə, sabitliyə, təhlükəsizliyə, əməkdaşlığa, inkişafa söykəndiyi vurğulandı”.