Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı, burada keçirmiş olduğu görüşlər ölkəmizin mövqelərinin möhkəmləndirilməsi, yeni tərəfdaşlıq və əlaqələrin qurulması baxımından əhəmiyyətli oldu. 59-cu Münxen Təhlükəsizlik Konfransında enerji, istisadi məsələlərlə yanaşı siyasi müstəvidə də vacib müzakirələr aparılıb. Azərbaycanın II Qarabağ müharibəsindən sonra yaratmış olduğu yeni reallıq burada da özünü daha qabarıq şəkildə göstərib. Artıq Azərbaycan qalib ölkə kimi qatılmış olduğu platformalarda yeni təşəbbüslərlə çıxış edir. Bu da regional və qlobal miqyasda sülhü, təhlükəsizliyi, qarşılıqlı olaraq əməkdaşlığı xarakterizə edir.
Bunu Siyasetinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O hesab edir ki, Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra dövlət və hökümət başçıları ilə görüşü, aparıcı şirkət rəhbərləri ilə aparılan danışıqlar xüsusi ilə diqqəti çəkir: “Sözsüz ki, hazırda enerji təhlükəsizliyinin başlıca amil olduğu bir dünyada Azərbaycanın rolu olduqca böyükdür. Bu gün Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynamış olduğu əvəzsiz rolu Qərb dairələri dəqiq bilir”.
Millət vəkili hesab edir ki, dünya birliyi Azərbaycanın II Qarabağ müharibəsindən sonra sərgiləmiş olduğu sülh konsepsiyasından məlumatlıdır: “Sadəcə olaraq erməni lobbisi və hələ də başqalarının əlində oyuncağa çevrilən Ermənistan siyasi hakimiyyəti sülh müstəvisində konkret addımlar atmağa başlıca əngəldir. ABŞ Dövlət kaitibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş naziri arasında baş tutan görüş də tərəflərin mövqeyinin ifadəsi baxımından vacib oldu. Azərbaycan tərəfi Laçın-Xankəndi yolunda heç bir maneənin olmadığını hümanitar keçid üçün yolun hər iki istiqamətdə açıq olduğunu bəyan etdi. Bunu həmin ərazidən yayılan görüntülərdən də aydın görmək mümkündür. Sadəcə olaraq azərbaycanlı fəallar iki aydan artıqdır ki, ərazilərimizdə ekoloji terrora və faydalı yataqların qanunsuz istismarına etiraz edir. Tələb də odur ki, həmin faydalı qazıntı yataqlarında Azərbaycan tərəfindən monitorinq aparılmasına imkan yaradılsın. Sözsüz ki, bu tələblər icra edilməyənə qədər azərbaycanlı fəaalların aksiyası davam edəcək. Azərbaycan Prezdenti ABŞ Dövlət katibinin iştirakı ilə baş tutan görüşdə məhz bu faktları bir daha diqqətə çatdırdı. Eyni zamanda vurğulandı ki, aksiyalar başlayana qədər həmin yoldan qeyri-qanuni silah, terrorçu qruplar və minalar daşınıb. Ona görə də, Azərbaycan tərəfi haqlı olan yolun giriş və çıxışlarına artıq nəzarət buraxılış məntəqələrinin qurulması tələbi ilə çıxış edir. Bununla bölgəyə heç bir bağlılığı olmayan şəxslərin giriş-çıxışı məhdudlaşacaq, qanunsuz silah dövriyyəsi və digər fəalliyətlərin qarşısı ciddi şəkildə alınmış olacaq”.
Deputat “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda üç ölkə liderinin iştirakının da tarixi əhəmiyyətindən bəhs edib: “Üç Cənubi Qafqaz ölkəsi ilk dəfə olaraq Münxen Təhlükəsizlik Konfransının panel müzakirəsinə birlikdə qatılıb. Bu tərəflərin mövqeyini ifadə etmək baxımından olduqca əhəmiyyətli idi. Prezident İlham Əliyev Ermənistanın 30 il ərzində bölgədə Azərbaycan ərazilərini işğalda saxlamaqla sülhə, təhlükəsizliyə başlıca təhdid yaratdığını diqqətə çatdırdı. Vurğulandı ki, artıq II Qarabağ müharibəsindən sonra Azərbaycan dünya birliyi tərəfindən tanınan və qəbul edilən özünün ərazi bütövlüyünü bərpa edib. Bu baxımdan da hazırda sülh prosesinə başlamaq üçün heç bir əngəl qalmayıb. Sadəcə olaraq Ermənistan rəhbərliyi qətiyyət nümayiş etdirəcəksə, bölgədə daimi sülhə nail olmaq mümkün olacaq. Amma Ermənistan tərəfi hər zaman olduğu kimi özünün köhnə ampulasından çıxış edir. Baş nazir Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyü və digər məsələlərlə bağlı absurd yanaşmalar Prezidentin İlham Əliyevin əsaslı, ciddi arqumentləri ilə darmadağın edildi. Eyni zamanda Azərbaycan cəmiyyəti 2020-ci ilin fevralında Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında baş tutmuş məlum debatı unutmur. Görünür həmin debatdan lazımı dərs alan N.Paşinyan bu dəfə birmənalı mövqe sərgiləməyə çalışdı”.
Aqil Məmmədova görə, ümumilikdə Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın maraqlarının ifadəsi baxımından olduqca effektiv oldu: “Ölkəmiz Prezident İlham Əliyevin Liderliyi ilə bir daha özünün haqlı mövqeyini beynəlxalq ictimaiyyətə nümayiş etdirdi. Bu baxımdan Münxen Təhlükəsizlik Konfransının 59-cu toplantısını Azərbaycanın növbəti siyasi-diplomatik qələbəsi kimi xarakterizə edilir”.