Türkiyə və Azərbaycan arasında tarix boyu sarsılmaz qardaşlıq və dostluq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin kədərini və sevincini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar edib. Sözsüz ki, fevralın 6-da qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciə, minlərlə insanın həyatını itirməsi və yaralanması Azərbaycan xalqını sarsıtdı.
Bunu Siyasetinfoya Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri , professor Hicran Hüseynova deyib.
Professor deyib ki, Azərbaycan xalqı bu çətin günlərdə qardaş Türkiyənin yanındadır: “Vaxtilə Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazandılar. Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəldi və Bakı erməni-daşnaklardan azad oldu. Nəhayət, 2020-ci ilin 27-i sentyabrında başlayan 44 günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana mənəvi-siyasi dəstək göstərdi. Ona gör də, Azərbaycan da hər zaman olduğu kimi, zəlzələdən sonra ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında oldu. Qardaş ölkədə baş vermiş bu ağır faciənin fəsadlarının aradan qaldırılması üçün Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlər həyata keçirildi. Qardaş Türkiyə ölkəyə humanitar yardımlar bu gün də davam edir”.
Deputat bildirib ki, Azərbaycan xalqı öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir maddi və mənəvi dəstək göstərir: “Azərbaycandan qardaş ölkəyə davamlı olaraq həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir. Xalqımız dəstəyini, həmrəyliyini həmişə olduğu kimi nümayiş etdirir. Biz bütün dünyaya bir daha nümayiş etdirdik ki, təkcə dövlətlərarası, ölkə başçıları səviyyəsində deyil, sadə insanlarımızın da Türkiyə ilə əsl qardaşlıq əlaqələri var. Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirir. FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ xilas edib. Eyni zamanda Prezident İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olub. Qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Sözsüz ki, qardaş Türkiyə səfirliyi davamlı olaraq ziyarət olunur. Zəlzələdən zərər çəkənlərə dövlət və müxtəlif təşkilatlar, vətəndaşlar tərəfindən yardımlar olunur”.
Hicran Hüseynova vurğulayıb ki, Azərbaycan-Türkiyə arasındakı saf, səmimi və doğma münasibətlər çox dərindir: “Bütün bunlar onu göstərir ki, əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi və qardaşlığı sarsılmazdır. Bu gün dünyada ikinci belə bir dövlət yoxdur ki, Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, dayaq, dəstək, qardaş olsun. Tarixi köklərimiz, ortaq dəyərlərimiz, dinimiz bir olan Türkiyə ilə əzəldən var olan qardaşlıq bağlarımız gündən-günə daha da möhkəmlənir və güclənir. Elə bu sarsılmaz və əbədi birliyimizin gücü ilə də bütün cətinliklərin, qarşılaşdığımız problemlərin öhdəsindən layiqincə gəlirik”.