Dünyanın ən aparıcı forumu sayılan Münxen Təhlükəsizlik Konfransı hər ilin fevral ayında təşkil edilir. Konfrans beynəlxalq təhlükəsizlik, qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma hesab edilir. Burada başlıca missiya dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqdan ibarətdir. Eyni zamanda qarşılıqlı etimad formalaşdırmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə vermək kimi vacib məsələlər də Münxen Konfransında müzakirə edilir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, bu il keçirilən 59-cu Münxen Təhlükəsizlik Konfransında ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir: “Azərbaycan Prezidenti İlham Əliyevin də qatıldığı builki Konfransda 800 nəfərdən çox iştirakçı dəvət olunub. Həmçinin Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edir”.
Deputat deyib ki, Azərbaycan Münhen Təhlükəsizlik Konfransının aktiv iştirakçılarından biridir: “Münxen Konfransı Azərbaycanın mövqeyinin, milli maraqlarının təbliği və tanıdılması baxımından vacib platformadır. Ölkəmiz Münxen Konfransının illik görüşlərində də müntəzəm olaraq dövlət başçısı və ya digər səviyyələrdə fəal təmsil olunur. Sözsüz ki, builki Münhen Təhlükəsizlik Konfransına dəvət olunmuş az sayda dövlət başçılarından biri də Azərbaycan Prezidenti İlham Əliyevin olması ölkəmiz üçün olduqca böyük əhəmiyyətə malikdir”.
Millət vəkili Münhen Təhlükəsizlik Konfransının 2020-ci ilin fevral ayında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında baş tutan debatı xatırladıb: “Həmin debatda dünyanın gözü qarşısında Prezident İlham Əliyev tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verib. Tarixi həqiqətin, beynəlxalq hüquq normalarının Azərbaycanın tərəfində olduğunu isbat edib. Dövlətimizin mövqeyinin üstünlüyünü beynəlxalq ictimaiyyətin gözü önündə bir daha nümayiş etdirib. Bununla da Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğat darmadağın olub. Sözsüz ki o debatda Prezident İlham Əliyevin iştirakı elə həmin ilin sonunda Azərbaycanın Vətən müharibəsində qalib gəlməklə öz torpaqlarını Ermənistanın işğalından azad etməsi tariximiz üçün şərəfli yolun ən şanlı səhifələrindən biri hesab edilir”.
Sevinc Hüseynova bildirib ki, bu ilki Konfransda Prezident İlham Əliyev “Enerji təhlükəsizliyi” və “Cənubi Qafqazda təhlükəsizlik” mövzusunda panel müzakirələrə qatılacaq: “Cənubi Qafqazda təhlükəsizlik” mövzusunda panel müzakirələrə Nikol Paşinyan dəvət olunsa da, o, iştirakdan imtina edib. Görünür N.Paşinyan 2020-ci ildəki acı təcrübəni bir daha yaşamaq istəməyib”.
Qeyd edək ki, Konfrans çərçivəsində Azərbaycan Prezidentinin bir sıra dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri, rəsmi şəxslər, şirkət rəhbərləri ilə ikitərəfli görüşləri nəzərdə tutulur.