Rumıniya prezidenti Klaus Yohannisin Azərbaycana səfəri, keçirilən görüşlər, verilən bəyanatlar mühüm əhəmiyyət kəsb edir. Bu səfər iki ölkə arasında qarşılıqlı maraqlar əsasında qurulmuş əməkdaşlığın xarakterini təcəssüm etdirir. Hazırda Azərbaycanla Rumıniya arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Bu baxımdan münasibətlərin hazırkı səviyyəsində aparılan danışıqlar sözsüz ki, hər iki ölkənin maraqlarına cavab verir.
Bunu Siyasetinfoya YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan və Rumıniya uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirir: “Artıq bu münasibətlərin xarakterinin ifadəsi olaraq iki ölkə arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Bu mənada iki dövlət arasında siyasi əlaqələrin də çox yüksək səviyyədə olduğunu müşahidə etmək mümkün olur. Eyni zamanda iqtisadi əlaqələrdə də vacib irəliləyişə nail olunub. Dövlətlərin ticarət dövriyyəsinin şaxələndirilməsi üçün atacağı əlavə addımlar bu sahədə mühüm irəliləyişə səbəb olacağı gözləniləndir”.
Deputat Azərbaycanla Rumıniya arasında energetika sahəsində əməkdaşlığın aktuallığına toxunub: “Sözsüz ki, bu gün energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrində deyil, bütövlükdə dünya gündəliyinin mərkəzində olan vacib məsələ kimi önə çıxır. Rumıniyaya daha çox Azərbaycandan neft məhsulları ixrac edilir. Amma digər vacib enerji məhsullarının da bu ölkəyə çatdırılması mümkün olacaq. Bu xüsusda təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edəcək. Bununla da artıq Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatmış olacaq. Eyni zamanda Rumıniya vasitəsi ilə digər Avropa ölkələrinə də Azərbaycan qazının nəqli reallaşacaq”.
Millət vəkili deyib ki, Azərbaycan iki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsini uğurla icra etməklə Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu nümayiş etdirdi: “Eyni zamanda keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu bu regiona qaz ixracatının sürətlə artırılmasının əyani təzahürü hesab edilir”.
Sevinc Hüseynova bütün bunların fonunda Azərbaycanın yaşıl enerji istiqamətində də önəmli addımlarından bəhs edib: “Buxarestdə keçirilən və Azərbaycanın da təşəbbüskarı olduğu tədbir məhz yaşıl enerji ilə bağlı idi. Çünki bu layihənin əhəmiyyəti və böyüklüyü onun strateji mahiyyətininin ifadəsidir. Əslində olduqca böyük bir sərmayə tələb edən, bir neçə ölkəni, iki dənizi birləşdirən bu layihə olduqca böyük qlobal əhəmiyyətə malikdir”.