Azərbaycan və Macarıstan arasında tarixi köklərə əsaslanan ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir. Nəzərə alsaq ki, Macarıstan öz tarixi köklərinə qayıdaraq türk dövlətləri ilə yüksək səviyyədə əlaqələrin qurulmasında və gələcəkdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv olmaqda maraqlı olması Azərbaycan və Macarıstan arasında əlaqələrin perspektivinin hər iki ölkə üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini deməyə əsas verir. Eyni zamanda, iki ölkə bir çox beynəlxalq təşkilatda uğurla təmsil olunmaqla yanaşı, beynəlxalq müstəvidə bir-birlərinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Bu baxımdan deməliyik ki, Azərbaycan Macarıstanın Cənubi Qafqazda, Xəzər hövzəsi regionunda və Türk dünyasında, Macarıstan isə Avropada ölkəmiz üçün siyasi, iqtisadi, humanitar sahələr başda olmaqla bir çox istiqamətlərdə strateji tərəfdaşlardan biridir.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycan və Macarıstan arasında əlaqələr tarixi köklərə malikdir. XV-XVII əsrlərdə Ağqoyunlu və Səfəvi dövlətləri ilə macar krallıqları arasında diplomatik əlaqələr və ticari münasibətlər mövcud olub. Tarixdən gələn dostluq münasibətləri bu gün də yüksələn xətlə inkişaf edir. Heç təsadüfi deyil ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Macarıstan ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu fakt özlüyündə iki ölkə arasında tarixdən gələn dostluq münasibətlərinin bariz örnəyidir. Bu gün də iki dost ölkə arasında münasibətlər ortaq strateji hədəflərə əsaslanaraq uğurla inkişaf edir. Bu baxımdan ölkə Başçısı cənab Prezident İlham Əliyevin Macarıstana səfəri və səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır.
Tamam Cəfərova qeyd edib ki, Macarıstanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri üzrə həyata keçirdiyi xarici siyasətin mühüm istiqamətlərindən biridir. Macarıstan hazırkı dövrdə orta güc hesab edilir. Yəni, Macarıstan 191 ölkə arasında ümumi daxili məhsulun (ÜDM) həcminə görə 57-ci, adambaşına düşən ÜDM həcminə görə isə 58-ci pillədə qərarlaşıb. Sənaye və texnologiya sektorları sürətlə inkişaf edən bu ölkə dünyanın 35-ci ən böyük ixracatçısı və 34-cü ən böyük idxalatçısı hesab olunur. Çox yüksək həyat standartları olan Macarıstan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələr arasında yüksək gəlirli iqtisadiyyata sahib olması ilə seçilir. Onu da qeyd edək ki, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə ciddi investisiya yatırımı və ticarət dövriyyəsini əks etdirən ciddi rəqəmlər mövcuddur. İndiyə qədər Macarıstan tərəfindən Azərbaycana 1,1 milyard ABŞ dolları məbləğində (əsasən neft-qaz sahəsi), Azərbaycan isə Macarıstana 18,1 milyon ABŞ dolları investisiya yatırıb. 2021-ci ildə Azərbaycan ilə Macarıstan arasında ümumi ticarət dövriyyəsi 35,16 milyon ABŞ dolları təşkil etmişdirsə, 2022-ci ildə isə 47,4 milyon ABŞ dolları təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 34,81 faiz artım deməkdir.
Bunlarla yanaşı, Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa olduqca mühüm önəm verir. Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol bütün dünyaya məlumdur. Macarıstan da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir. Dost ölkə Macarıstan Cənub Qaz Dəhlizi layihəsini ilk gündən dəstəkləyir və bu layihəyə öz marağını nümayiş etdirib. CQD-nin Məşvərət Şurasının 2023-cü ilin fevralında Bakıda keçiriləcək illik iclasında Macarıstanın xarici işlər və ticarət nazirinin iştirakının da nəzərdə tutulması, şübhəsiz ki, Macarıstanın Cənub Qaz Dəhlizi layihəsinə olan münasibətinin əyani təzahürüdür.
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin dost ölkə Macarıstana səfəri ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi, dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Əminliklə deyə bilərik ki, bu səfər iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır.