Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi bütün rəsmi dillərində ingilis, fransız, rus, çin, ərəb və ispan olmaqla yayıb. Bu müraciət adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.
Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, mu müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində Azərbaycanın ən böyük uğurlarındandır: “Məsələnin BMT-nin ən mötəbər orqanlarının gündəliyinin qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir”.
Deputat deyib ki, bu uğur icmamızı sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geriyə qayıtmaq istiqamətində səylərini davam etdirməyə daha da ruhlandırır: “Qərbi Azərbaycan İcması qeyd edilən müraciətin yayılmasına şərait yaratmasına görə BMT-nin katibliyinə təşəkkür edir”.
Qeyd edək ki, Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti BMT-nin sənədi kimi yayılıb