Qanunda edilmiş dəyişikliyə əsasən, mənzil alanda ƏDV-nin bir hissəsinin geri qaytarılması nəzərdə tutulub.
Siyasətinfo xəbər verir ki, millət vəkili, iqtisadçı Vüqar Bayramov bu məqsədlə portalın (https://new.e-taxes.gov.az/eportal/az/login/) istifadəyə verildiyini bildirib. O qeyd edib ki, portal nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələri üçün ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı elektron qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün işə salınıb.
Bəs daşınmaz əmlak alqı-satqısı zamanı ƏDV necə geri qaytarılacaq?
V.Bayramov qeyd edib ki, ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyri-yaşayış əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur: “Hazırda əmlak satışı nağdsız, yəni banklar vasitəsilə həyata keçirilir. Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə, həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsinə bonus olaraq ona geri qaytarılacaq”.
Millət vəkili əlavə edib ki, kreditlə alınan əmlaka görə ƏDV geri qaytarılması tam ödənişdən sonra mümkündür: “ƏDV-nin geri qaytarılması əmlakın dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Əmlakın alınması üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlak sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür”.
V.Bayramov bildirib ki, qaydalara əsasən, alıcı eyni binadan bir və ya bir neçə əmlak aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir: “Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı əmlak sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən, bir kvadratmetrinin satış qiyməti daha yüksək olan əmlak sahəsi əsas götürülür. Yəni, vətəndaş eyni binadan fərqli qiymətə 3 mənzil alıb. Qiymətlər fərqli olduğundan ödənilən ƏDV məbləği də dəyişir. Məsələn, bir mənzil üzrə ƏDV məbləği 50 min, digəri üzrə 55, sonuncu üzrə 60 min manat olub. Bu zaman ƏDV ödənilməsi 60 min manata əsasən həyata keçiriləcək”.