Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası yüksək təşkilatçılıq baxımından tarixə düşəcək. Noyabrın 11-dən 22-ə kimi bütün dünyanın diqqəti Azərbaycanda, paytaxt Bakıdadır. Azərbaycana ilk dəfə gələnlər və ölkəmizə gəlmiş qonaqlar tariximiz, milli kimliyimiz, adət–ənənələrimzlə yaxından tanış olmaq fürsəti qazanıb. Bu baxımdan COP29 Azərbaycanın növbəti dəfə beynəlxalq arenada tanıdılması, dünya ictimaiyyətinin daha yaxından bələd olması baxımından əhəmiyyətlidir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, Azərbaycanın COP29-a ev sahibliyi elan edilən gündən bızi qüvvələr, ermənipərəst dairələr, Fransa və Niderland kimi ölkələr Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası kimi təşkilatlar dayanmadan ölkəmizi hədəfə almağa çalışıb: “Bu məqsədlə müxtəlif yollara, çirkin kampaniyalara əl atıblar. Sözsüz ki, “Avropa İttifaqının “bağ”, dünyanın qalan hissəsinin isə “cəngəllik” kimi təsvir edilməsi son dərəcə təəssüf doğurur. Bu bəyanat müstəmləkə dövrünə xas olan bir yanaşmadır ki, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin məhz belə bir bəyanatla çıxış etməsi əslində özlərinin mahiyyətini ortaya qoyur”.
Millət vəkili bildirib ki, bu gün iqlim dəyişikliyindən ən çox inkişaf etməkdə olan kiçik ada dövlətləri, eləcə də Aİ üzv ölkələrinin dənizaşırı regionları əziyyət çəkdiyi halda bu kimi cəfəng fikirlərin ortaya atılması tamamilə dağıdıcı mahiyyətin məhsulu kimi xarakterizə olunur: “Çünki özünüidarəetmədən məhrum edilmiş dənizaşırı regionlar öz narahatlıqlarını ifadə edə bilmir və onlara məhəl qoyulmur, onlara heç bir çıxış imkanları yaradılmır. Belə bir unikal imkanı isə Azərbaycan onlar üçün yaradır. Məhz COP29-da Azərbaycan hər bir səsin eşidilməsi üçün inklüziv platforma təqdim edir və geniş imkanlar yaradır”.