BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsi mühüm önəm kəsb edir. Bu dünya birliyinin Azərbaycana, onun Liderinə olan inam və etimadının növbəti təzahürüdür. Azərbaycan böyük mahiyyət kəsb edən tədbirlərin təşkilatçısı və ev sahibi kimi bu gün qlobal miqyasda yüksək nüfuz sahibdir. Ölkəmizdə mövcud olan inkişaf, ictimai-siyasi sabitlik, həyata keçirilən uğurlu siyasətin mahiyyətindən qaynaqlanır.
Bunu Siyasətinfoya Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki, COP29 beynəlxalq konfransının Azərbaycanda, Bakıda keçirilməsi ökəmizin diqqət mərkəzində olması ilə yanaşı mühüm uğurdur: “Bu Azərbaycana göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir. Dünya miqyasında ölkəmiz çox güclü mövqelərə sahib olub. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır. Aparılan müstəqil siyasət, prinsipial mövqe, beynəlxalq hüquqa olan bağlılıq, eyni zamanda, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi bu mənada mühüm önəm kəsb edir. Təbii ki, Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub Bu ölkəmizə olan yekdil mövqenin bir daha özünü göstərməsi demək idi. Ötən il məhz 19-20 sentyabr tarixlərində Azərbaycan öz ərazisində həyata keçirdiyi antiterror tədbirlərindən sonra belə bir mötəbər qərarın verilməsi ölkəmizə onun həyata keçirdiyi siyasətə olan birmənalı münasibətin təzahürü oldu. Sözsüz ki, hər zaman olduğu kimi antiterror tədbirlərindən sonra da bəzi Qərb ölkələri Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. Təbii ki, ölkəmizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini təmin edib. Azərbaycan eyni zamanda bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etməyə nail olub”.
Deputat bildirib ki, bu günlərdə COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı anti-milli ünsürlər və dağıdıcı qüvvələr qarayaxma kampaniyası həyata keçirir: “X” sosial media platformasında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb. Bununla bağlı Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyinin açıqlaması da var. Bu kimi saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də, ictimai rəyi çaşdırmağa cəhd göstərilir. Belə saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır”.
Eldar Quliyevə görə, şübhə yoxdur ki, COP29 beynəlxalq konfransını da Azərbaycan yüksək səviyyədə keçirəcək: “Bu növbəti dəfə ölkəmizin, xalqımızın böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək. Bütün dünya görəcək ki, Azərbaycanın gündəliyi yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda ölkəmizin enerji siyasətinin prioritetidir”.