Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfəri mühüm önəm kəsb edir. Azərbaycanla Qırğızıstan arasında diplomatik əlaqələr tarixi, mədəni və dini bağlar üzərində formalaşıb. Sözsüz ki, bu əlaqələr hər iki xalqın ortaq köklərini və dəyərlərini əks etdirir. Müstəqillik qazandıqdan sonra Azərbaycan Mərkəzi Asiya dövlətləri, o cümlədən Qırğızıstanla qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin qurulmasını özünün xarici siyasətinin prioritetlərindən biri kimi müəyyənləşdirib.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
“Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı siyasi iradəsi və xalqlarımızın ortaq tarixi, mədəni və dini dəyərlərə əsaslanan dostluğu Azərbaycanla Qırğızıstan arasında münasibətlərdə yeni bir mərhələnin əsasını qoyub. Təbi ki, iki ölkə arasında olan bu əməkdaşlıq regionda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət eməklə yanaşı dövlətlərin inkişafı üçün də başlıca zəmin hesab edilir”, – deyə o əlavə edib.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun ev-muzeyinə ziyarəti, onun ailə üzvləri ilə səmimi söhbətləri isə yaddan qalan oldu: “Cənab Prezident İlham Əliyevə məlumat verildi ki, muzey Bişkek yaxınlığındakı “Ala-Arça” dövlət iqamətgahında – 1986-cı ildən yazıçının ömrünün son 20 ilini yaşadığı evdə yerləşir. Qırğız xalqının böyük oğlunun vəfatından sonra həyat yoldaşı Mariya Aytmatova və oğlu Eldar ailəsi ilə burada yaşayır. Ev-muzeyi Çingiz Aytmatovun həyat yoldaşı Mariya Urmatovna, övladları Eldar və Şirinin təşəbbüsü ilə 2014-cü il dekabrın 12-də açılıb. Çingiz Aytmatovun kiçik oğlu Eldar yazıçının hələ sağlığında evdə hökm sürmüş bütün ab-havanı və şəraiti ən xırda detala qədər qoruyub saxlamağa çalışıb. Ev-muzeyində yazıçının şəxsi əşyaları, əlyazmaları və çoxsaylı mükafatları qorunub saxlanılır.Eyni zamanda mədəni-maarif fəaliyyəti ilə məşğul olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir. Fond 2000-ci ildə yazıçının özü tərəfindən təsis edilib, indi onun övladları tərəfindən idarə olunur. Dövlətimizin başçısı ev-muzeyinin xatirə kitabına ürək sözlərini yazıb.
Qeyd edək ki, dünyaşöhrətli yazıçının zəngin bədii irsinə Azərbaycanda da hər zaman böyük maraq olub. Ulu Öndər Heydər Əliyev Çingiz Aytmatovu “Türk dünyasının fəxri” adlandırıb. Prezident İlham Əliyev 2008-ci ildə bir nömrəli “Dostluq” ordenini Çingiz Aytmatova təqdim edib. Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə bu il aprelin 24-də Bakı şəhərində Çingiz Aytmatovun abidəsi açılıb.
Məhz cənab Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi isə mühüm tarixi bir əhəmiyyətə malik hadisə oldu. Ölkəmizin başçısı bu yüksək mükafata görə təşəkkürlərini çatdırıb. Bildirib ki, Ulu Öndər Heydər Heydər Əliyevin dediyi kimi, Çingiz Aytmatov təkcə qırğız xalqının deyil, həm də bütün Türk dünyasının fəxridir. Çingiz Aytmatova Azərbaycanda olan yükəsk münasibətdən bəhs edilib. Həmçinin Ulu Öndər Heydər Əliyev və Çingiz Aytmatovun bir-birinə böyük hörmətindən onların çoxlu görüşlərindən danışan cənab Prezident dahi Liderin Çingiz Torekuloviçə bəslədiyi hisslərin sonsuz olduğunu qeyd edib”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Azərbaycanla Qırğızıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub: “Müstəqillik dövrünün ilk illərində Azərbaycan qarşılıqlı hörmət və etimada əsaslanan xarici siyasət kursunu formalaşdırarkən, Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstan ilə əlaqələrin qurulmasına və möhkəmləndirilməsinə xüsusi diqqət ayırdı. Bu çərçivədə, 1995-ci il avqustun 27-28-də ulu öndər Heydər Əliyevin Qırğızıstana səfəri böyük əhəmiyyət kəsb edib. Bu səfər hər iki ölkənin münasibətlərinin inkişafında yeni bir açıb. Eyni zamanda bu səfərlə Azərbaycan və Qırğızıstan xalqları arasında dostluğun gücləndirilməsi, mədəni və tarixi bağların daha da möhkəmlənməsi baxımından əlamətdar hadisə kimi tarixə düşüb. Məhz ulu öndər Heydər Əliyevin o vaxt Qırğızıstanda keçirdiyi görüşlər, xalqlarımızın yaxın tarixə malik ortaq dəyərlərə və əlaqələrə sahib olması faktını təsdiqi ilə yanaşı Azərbaycan-Qırğızıstan münasibətlərinin gələcək inkişaf konsespsiyasının əsaslarını müəyyənləşdirdib”.
Deputat hesab edir ki, Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də Qırğızıstanla münasibətlərin genişləndirilməsinə xüsusi diqqət göstərir: “İlham Əliyevin uzaqgörən yanaşması və ardıcıl səyləri nəticəsində iki ölkə arasında əməkdaşlıq iqtisadi, siyasi, mədəni və humanitar sahələrdə daha yüksək səviyyəyə çatıb. Prezidentin 2022-ci il oktyabrın 11-12-də Qırğızıstana etdiyi ilk dövlət səfəri, hər iki dövlət arasında bütün sahələr üzrə əməkdaşlıq əlaqələrini daha da gücləndirdi. Bu səfər zamanı imzalanan mühüm sənədlər Azərbaycan-Qırğızıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin edib. Prezident İlham Əliyevlə Qırğızıstan Prezidenti Sadır Japarov arasında qarşılıqlı inam və etimada əsaslanan dostluq münasibətləri bu əlaqələrin inkişafını sürətləndirməkdə mühüm rol oynayır. Bu şəxsi münasibətlər yalnız ikitərəfli əlaqələrin deyil, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində də sıx əməkdaşlığın inkişafına təkan verir”.