Ermənistan tərəfindən növbəti dəfə Azərbaycanla şərti sərhəddə hərbi təxribat törədilməsi bu ölkənin sülh müstəvisində aparılan danışıqlarda maraqlı olmadığını göstərir. Fakt odur ki, rəsmi İrəvan sülh prosesini pozmaq üçün ardıcıl olaraq təxribatlara əl atır. İşğalçı mahiyyətindən imtina etməyən Ermənistan havadarları ilə bölgədə yenidən gərginliyin, qarşıdurmanın baş verməsi üçün müxtəlif xarakterli təxribatlar törədir.
Bunu Siyasətinfoya Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Onun fikrincə, Ermənistan Fransa kimi havadarlarının və erməni lobbisinin diqtəsi ilə hərəkət edir: “Sözsüz ki, Ermənistanın bu kimi davranışlarında bəzi Qərb təşkilatlarının rolu da var. Naxçıvan, Kəlbəcər, Gorus istiqamətində Ermənistan tərəfindən hərbi təxribatın həyata keçirilməsi bunun bariz nümunəsidir. 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən bir günlük lokal antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin eolunub. Rəsmi Bakı bundan sonra bölgədə münaqişənin bitdiyini elan edib. Amma reallıq odur ki, Ermənistan və onun Fransa kimi havadarları regionda qalıcı sülhün formalaşmasına hər vasitə ilə maneə yaratmağa çalışır”.
Aqil Məmmədova görə, Azərbaycan bölgədə daimi sülhün təmin edilməsində maraqlı olduğunu bəyan edib: “Ermənistan isə Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək istəmir. Fransa və digər havadarlarının diqtəsi ilə Ermənistan bölgədə yeni qarşıdurmanın yaranması üçün təxribat xarakterlı addımlar atır. Fransa və digər Qərb ölkələri tərəfindən Ermənistanın ardıcılıq olaraq silahlandırılması, ona hərbi müstəvidə edilən yardımlar da təxribatları körükləyən amillər sırasındadır. Bütün bunlara baxmayaraq İrəvan üçün onun başlatdığı təxribatlar heç də uğurlu sonluq gətirməyəcək. Hərbi müstəvidə başlanacaq növbəti qarşıdurmanın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və qarşı tərəf növbəti dəfə daha ciddi zərbə alacağını da yəqin etməlidir”.